''Fənərbaxça''nın hakim Əli Palabıyıka olan hirsi soyumaq bilmir.
Football-plus.az xəbər verir ki, həftəiçi keçirilən 22-ci tur çərçivəsində ''Fənər'' ''Adana Dəmirspor'' səfərində bu hakimin bərbad idarəçiliyi altında keçirilən oyunda (1:1) çox mühüm 2 xal itirərək lider ''Qalatasaray''dan 6 xal geri düşdü. 41 yaşlı bu ədalət təmsilçisi həm ''Fənər''in qolunu qeydə almamış, həm İstanbul nəhənginin lehinə iki penalti təyin etməmiş, həm də final fitindən sonra etiraza görə baş məşqçi Jorje Jezuşa qırmızı vərəqə göstərmişdi.
Başqan Əli Koç bildirib ki, o, bu vəzifəni icra etdiyi müddətdə Palabıyıkın bir də nə vaxtsa ''Fənər''in ev oyununa təyinat almasına imkan verməyəcək:
''Hər kəs bizim son oyunda yaşananları gördü. Bu oyun Türkiyə hakimliyinin iflas etdiyini bir daha göstərdi. Əcnəbi hakim gətirilməsi ideyasına ən çox qarşı çıxan biz idik. Amma görürük ki, artıq öz hakimlərimizlə davam etmək mümkün deyil. Əli Palabıyıkın bundan sonra oyunlara təyinat alıb-almayacağını bilmirəm. Amma bu şəxs, bundan sonra karyerasıboyu bizim bu vəzifədə olduğumuz müddətdə Kadıköydən içəri daxil ola bilməz! Zatən əvvəllər də bir çox şübhəli oyunları olub. Ən qısa müddətdə ən azı VAR səviyyəsində əcnəbi hakim gətirmək lazımdı. Yunanıstan, Səudiyyə Ərəbistanı gətirirsə, bizim onlardan nəyimiz əskikdi?''
Bu arada ''Fənərbaxça''nın rəsmi üzvü, tanınmış iş adamı Səadəttin Saran rəhbərliyə komandanı çempionatdan çəkməyi məsləhət görüb. Amma ''sarı-lacivərdlilər''in hələ ki, belə bir ideyası yoxdu.
Bu gün ''Fənər''də idarə heyətinin aylıq iclası da keçirilib. İdarə heyətinin sədri Uğur Dindar da Əli Palabıyıkı tənqid edib.
O bildirib ki ''Gənc ''Fənərbaxça''lılar'' dərnəyi idarəçiliyinə görə bu hakimi məhkəməyə verib. Dindar Palabıyıkı ''Fənər''dən üzr istəməyə və karyerasını bitirməyə dəvət edib.
Əli Raufoğlu