“Adana Dəmirspor”un prezidenti: “Çıxıb adam kimi oynayacaqlar”

27.09.2022 20:10 294
Dünya futbolu
Türkiyə çempionatının növbəti turunda bizi birdən-birə iki maraqlı qarşılaşma gözləyir.

''Beşiktaş'' – ''Fənərbaxça'' derbisi onsuz da həmişə prinsipiallığı ilə seçilir. Amma derbidən başqa gələn tur liderlər – ''Adana Dəmirspor''la ''Qalatasaray'' da üz-üzə gələcək. 7 oyuna hamıdan çox – 16 xal yığan bu iki komandadan ''+7'' top fərqinə malik olan ''Adana Dəmirspor'' 1-ci, ''+4'' top fərqinə malik olan ''Qalatasaray'' 2-ci pillədədi. Adana əhalisi oktyabrın 1-də baş tutacaq oyunu böyük səbirsizliklə gözləyir. Bu arada sosial şəbəkələrdə artıq indidən adanalıların bəzi oyunçularının həmin matça hansı motivasiya ilə çıxacağı ətrafında polemika başlayıb. Söhbət sabiq ''Qalatasaray''lılar Badu N'Diaye, Yunes Belhanda, Henri Onyekuru və Əmrə Akbabadan gedir. Türkiyə futbolu ilə yaxından maraqlananlar bu mövsümün 3-cü turunun ''Fənərbaxça'' – ''Adana Dəmirspor'' oyununda (4:2) yaşananları, yəqin ki, gözəl xatırlayır. Belhanda ilə Onyekuru matç ərzində dəfələrlə yerli fanatlara ''dörd'' işarəsini göstərərək “Qalatasaray”ın 4 uduzunun olduğunu qabartmış və ''Fənər''liləri təxribata sürükləməyə çalışmışdılar. Maraqlıdı, görəsən, ''Qalatasaray''ın oyunçusu olmaya-olmaya, klubun bu dərəcədə mənafeyini qoruyan futbolçular ''Qalatasaray''ın özünə qarşı oyuna hansı motivasiya ilə çıxacaqlar? ''Adana Dəmirspor''un ekstravaqant prezidenti Murat Sancak ''Fotomaç'' nəşrinə bu mövzu ilə bağlı maraqlı açıqlamalar verib:
''Qalatasaray''da ulduzlar varsa, bizim də öz ulduzlarımız var. Meydana yalnız qələbə üçün çıxacağıq və inşallah, istəyimizə çatacağıq. Oyuna artıq indidən hazır olduğumuzu deyə bilərəm. Fanatlarımızın gözəl dəstəyinə arxalanırıq. Maraqlı qarşılaşma olacağını düşünürəm. Çünki biz həm güclüyük, həm də ''Fənərbaxça''dan sonra ən çox qol vuran klubuq. Heyətimizdə olan sabiq ''Qalatasaray''lılara gəlincə, çıxıb adam kimi oynayacaqlar! Meydanda var gücləri, qürurları və namusları ilə oynayacaqlar. Buna heç kimin şübhəsi olmasın. Bu söz-söhbətin səbəbi ''Fənərbaxça'' ilə oyunda yaşananlardı. Oyuncularımız orda tribunaların etirazı ilə üzləşdilər. Duyğusal olduqları üçün buna cavab verdilər. Amma onlara ciddi xəbərdarlıq etdik. ''Fənər''ə qarşı ikinci dövrədəki oyunda bunlar təkrarlanmayacaq. Amma ''Fənər'' fanatları da artıq bu yaşananları unutmalıdı''.