''Fənərbaxça'' ilə ''Qalatasaray'' arasında növbəti gərginlik

7.11.2022 20:15 375
Dünya futbolu
Son dönəmlərdə iki əzəli rəqib ''Qalatasaray''la ''Fənərbaxça'' arasında hakimlik məsələsi üzündən gərginlik yenə artıb.

''Qalatasaray'' təbii ki, qələbələri sıralamağa başlayan kimi hakimlikdən narazılıqlar da azaldı. Amma bir ara ardıcıl 3 tur qələbəyə həsrət qalanda komanda hər şeydə hakimləri günahlandırmış və onların ''Fənər''in əleyhinə daha az səhvlər etdiklərini vurğulamışdı. 2 həftə öncə ''Cim-Bom'' ''Türk futbolu üçün ədalət'' şüarı ilə kiçik bir yeniliyə əl atmışdı. Başqanvəkili Ərdən Timur bundan sonra tək özlərinin yox, bütün klubların lehinə və əleyhinə olan hakim səhvlərinin görüntülərini ''Qalatasaray TV''də göstərəcəklərini demişdi. Bu açıqlamadan 1 gün sonra məhz elə ''Fənərbaxça''nın əleyhinə hakim səhvi oldu. ''İstanbul BŞ'' ilə ev oyununda rəqib müdafiəçinin əllə oyununa görə ''Fənər''in lehinə penalti verilmədi. ''Sarı-lacivərdlilər'' tənbəllik etməyərək həmin epizodun linkinini ''sarı-qırmızılar''a göndərərək onun yayınlanmasını tələb etmişdi. 2 həftə ərzində epizod ''Qalatasaray TV''də göstərilmədiyindən srağagün ''Fənər'' qarşı tərəfə elektron məktub vasitəsi ilə ''GS TV-də bizim epizodumuzu göstərəcəksizmi'' sualını ünvanladı. ''Qalatasaray''dan eyni üsulla göndərilən cavabda bunlar qeyd olundu:
''Türk futbolu adına ədalət çağırışına göstərdiyiniz həssaslıq və layihəyə dəstək verdiyiniz üçün təşəkkür edirik. Ancaq obyektiv və ədalətli olmaq naminə 1 turdakı yox, mövsümün əvvəlindən bu yana lehinizə və əleyhinizə olan bütün səhvlərin görüntülərini göndərməyinizi xaiş edirik''.