Elita təmsilçilərinin Antalya toplanışı başa çatdı.
Artıq bu gündən premyer-liqada üçüncü dövrəyə start verilir. Klubların toplanışı necə dəyərləndirdiyini, mövsümün qalan hissəsinə nə dərəcədə hazır olduğunu, yeni transferlərin komandalarına faydalı olub-olmayacağını qarşıdakı çempionat matçları göstərəcək. Bu gün üçün yalnız onu deyə bilərik ki, baş məşqçilərin hamısı təlim-məşq toplanışından razı qalıb. Bunu onların açıqlamalarından hiss etmək mümkündü.
Yığmanın məşqçilər korpusu da, başda baş məşqçi Canni de Byazi olmaqla, iki həftə qardaş ölkədə olub. Onlar premyer-liqa klublarının məşq prosesini və yoxlama oyunlarını izləməklə yanaşı, ölkənin əsas komandasına namizədləri də yaxından izləyib. Məşçilər korpusunun Antalyadan hansı təəssüratla döndüyünü öyrənmək üçün italyan mütəxəssisin köməkçisi Arif Əsədovla danışdıq.
- Əvvəlcə Antalya təəssüatınızı bölüşməyinizi istərdik.
- Baş məşqçi, italiyalı köməkçi və mən klublarımızın təlim-məşq toplanışını izləmək üçün Antalyaya yollanmışdıq. Mən yanvarın 11-dən 21-nə, De Byazi və digər köməkçi 9-dan 20-nə qədər Türkiyədə olduq. Daha çox komandalarımızın yoxlama görüşlərini izlədik. Baş məşqçi imkan tapıb bəzi klublarımızın məşq prosesini də izlədi. Bildiyiniz kimi, təlim-məqş toplanışında əsas üstünlük fiziki yükləmələrə verilir. Bu üzdən təmsilçilərimiz yoxlama oyunlarına yorğunluq fonunda çıxırdı və qarışıq heyətlə oynayırdılar. Klubların baş məşqçiləri çalışırdılar ki, heyətdə yer alan bütün futbolçulara şans versinlər. Yeni transferlər, gənc oyunçular da özünü göstərmək imkanı qazanmışdılar. İlk matçlarda qarışıq heyət görsək də, son qarşılaşmalarda məşqçilər çalışırdı əsas heyət üzvlərini dəqiqə baxımından meydanda daha çox saxlasınlar. Təbii ki, hazırlıq dönəmi olduğundan istər komandalar, istərsə də ayrı-ayrı futbolçular tam hazır deyildilər. Performansları təxminən 70-80 faiz civarında idi. Qeyd etdiyim kimi, italiyalı mütəxəssis bəzi klubların düşərgəsinə baş çəkərək baş məşqçilərlə görüşdü. Bəzən elə olurdu ki, gün ərzində komandalarımızın iştirakı ilə 3-4 oyun keçirilirdi. Öz aramızda həmin qarşılaşmaları bölüşdürürdük ki, hamısını izləyə bilək, heç nə diqqətimizdən yayınmasın. Demək olar ki, Antalyada klublarımızın bütün yoxlama matçlarını izlədik.
- Çempionatın ilk yarısında, çox olmasa da, özünü yaxşı tərəfdən göstərən gənclər oldu. Onlar yoxlama görüşlərində necə təsir bağışladılar? Ümumiyyətlə, yeni tsikldə yığmada yeni adlar görə biləcəyik?
- Konkret bu barədə fikir bildirmək istəməzdim. Amma müzakirələr olurdu, baş məşqçi fikrini bildirirdi. De Byazinin potensial namizədləri canlı izləməsi yaxşı oldu. Milliyə namizədlər daim diqqətimizdədi. Yığmanın qapısı hamının üzünə açıqdı. Kim layiq olsa, ölkənin əsas komandasına dəvət alacaq. Qarşıda bizi çempionat görüşləri gözləyir. Millinin martdakı toplanışına kimi onları izləyəcəyik. Ümumi mənzərə haqda qısaca onu demək olar ki, futbolçularda istək, əzmkarlıq var idi. Bunu da təbii qarşılamaq lazımdı. Toplanış vaxtı çox futbolçu əsas heyətə düşmək üçün çalışır ki, istər klub, istərsə də yığmanın çalışdırıcısının diqqətini cəlb etsin.
- Bugünlərdə yığmanın sentyabrda İordaniya ilə yoxlama oyunu keçirəcəyi bəlli oldu. Maraqlıdı, niyə məhz Asiya təmsilçisi? Avropa təmsilçiləri ilə qarşılaşmaq daha yaxşı olmazdı? Bu baş məşqçinin istəyi ilə reallaşan qarşılaşmadı, yoxsa AFFA-nın seçimidi?
- İordaniya ilə qarşılaşacağımızı yenicə bilmişəm. Bu səbəbdən detalladan xəbərsizəm. Bildiyim odu ki, həmin tarixdə UEFA-nın “pəncərə”si var. Beş komandanın yer aldığı qrupda olduğumuzdan qitə futbol qurumu həmin aralıqda yığmaların yoxlama matçı keçirməsini istəyir.
RƏŞAD