Ölkə futbolunda yaranan fasiləylə əlaqədar 1-ci divizion klubları da təlim-məşq toplanışına start verib.
Aşağı liqa komandaları ölkə daxilində hazırlıq keçirir. Onlardan biri də "Neftçi-2"di. Bakı təmsilçisinin qış planlarını öyrənmək üçün baş məşqçisi Rəşad Abdullayevlə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlamasına keçid alaq:
"Yanvarın 8-də təlim-məşq toplanışına start vermişik. Futbolçulardan yalnız Ülvi Mədətovla qarşılıqlı razılıq əsasında yolları ayırdıq. Qalan hamı sərəncamımızdadı. Əlavə olaraq akademiyamızdan istedadlı uşaları da komandaya cəlb etməyi düşünürük. 4 yoldaşlıq matçı keçirməyi planlaşdırırıq. Artıq sabah Region Liqası təmsilçisi "Dirçəliş"lə oyunumuz var. Yanvarın 18-də "Sumqayıt-2", 25-də "Səbail-2", fevral 1-də isə "Araz Naxçıvan"la gücümüzü sınayacağıq. Toplanış sona kimi Bakıda olacaq. Hazırlıq prosesini fevralın 8-də yekunlaşdıracağıq".
ABDULLA İSMAYILOĞLU