Buna rəğmən, ölkəmizə təşrif buyuran legionerlər bir müddət burda çıxış edəndən sonra daha səviyyəli komandalara və çempionatlara üz tutur. Dino Ndlovu, Patrik Andrade, İbrahima Vaci, Kadi Borğes və başqalarını buna nümunə göstərmək olar. Yayda isə Kvabena Ovusu onların sırasına qoşulacaq.
Görəsən, nə üçün yerli futbolçulara, əsasən də "Qarabağ"ın heyətində illərdi avrokubokların qrupunda oynayanlara bu xoşbəxtlik nəsib olmur? Bu sualı aydınlaşdırmaq üçün təcrübəli menecer Tural Əsgərovun fikirlərini öyrəndik:
“Bunu demək nə qədər xoş olmasa da, etiraf etməyə məcburuq. Ölkəmizə gələn, əsasən də "Qarabağ"da çıxış edən legionerlərlə yerli futbolçular arasında kəskin səviyyə fərqi var. Bu uçurumun isə səbəbləri çoxdu. Amma əsas səbəb milli komandamızda çıxış edən futbolçuların performansının aşağı olmasıdı. Yığmanın səviyyəsi də ürəkaçan deyil, FİFA reytinqində arzuolunan pillədə yer almayıb. Milli dünya reytinqində irəliləməsə, futbolçularımız xarici klubların diqqətini çəkməyəcək".



