"Kəpəz" - "Sabah" matçından sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov komandada gəncləşdirmə siyasəti aparacağını söylədi.
Football-plus.az xəbər verir ki, təcrübəli mütəxəssisin Rauf Əliyevdən sonra Əfran İsmayılovla da münaqişə yaşadığı və ona da özünə klub axtarmağı söylədiyi haqda xəbərlər yayılıb. Bunu nəzərə alıb, yığmanın sabiq yarımmüdafiəçisiylə əlaqə saxladıq. Ürəyi dolu olan Əfran Tərlan bəyi “yıxıb-sürüdü”.
- Bir müddət zədəliydin. Hazırda vəziyyətin necədi?
- İki aydan çoxdu zədəmi sağaltmışam. Komanda ilə birlikdə məşq də edirəm. Amma oynamaq şansı verilmir.
- "Kəpəz"ə böyük ümidlərlə gəldin, amma Gəncə karyeran uğurlu alınmadı. Səbəb nədi?
- "Kəpəz"ə gəlişimin uğursuz olduğunu deməzdim. Məqşlərdə özümü yaxşı tərəfdən göstərməyə çalışırdım. 90 olmasa da, 60-70 dəqiqə, ən azı 1 hissə oynayırdım. 4-cü turda "Səbail"ə qarşı matçda qol da vurdum. Sonra zədələndim. Tərlan Əhmədovun gəlişindən sonra qara günlərimiz başladı. Mənə və başqa təcrübəli futbolçulara oynamağa imkan vermədi. Baş məşqçinin oyun fəlsəfəsinə uyğun gəlmiriksə, məşqlərdə özümüzü yaxşı tərəfdən göstərə bilmiriksə, intizamsızlıq ediriksə və ya oynamaq üçün gücümüz tükənibsə, biz təslim. Bunun hansısa biri olsaydı, Tərlan Əhmədov bizə şans verməməkdə tam haqlıdı. Amma Rauf Əliyev, Elvin Yunuszadə, Əli Səmədov və mən normal oynayırdıq. Tərlan Əhmədovun qarnının ağrısı başqadı. Onun səhvlərini və yekəxanalığını üzünə, hər yerdə dediyimizə görə bizimlə prinsip aparır. O gözləyirdi ki, komandada istədiyini edəcək, cavanlarla söyüşlə danışacaq və bunun qarşılığında hamı başını aşağı salıb oturacaq. Əvəzində biz susmadıq, layiqli cavabını verdik. Ona görə də bizi komandadan uzaqlaşdırmağı qarşısına hədəf qoyub.
- Deməli, sən, Rauf, Əli və Elvin ilə Tərlan Əhmədov arasında qarşıdurma gedir?
- Mən və komanda yoldaşlarımın qarşıdurma, savaş kimi niyyətimiz yoxdu. Elə xarakterdə olsaydıq, bu vaxta kimi neçə klubda çıxış etmişik və ordakı baş məşqçilərlə də münaqişəmiz olardı. Həmişə baş məşqçilərə hörmətlə yanaşmışam, onların məşqlə bağlı göstərişlərinə can-başla əməl etmişəm. Amma həddini aşan, özünü ağa kimi aparıb qarşısındakıları aşağlayanlara boyun əyməmişəm. İstər futbolda, istərsə də həyatda haqsızlığa susmamışam, bundan sonra da susmayacam. Uzun sözün qısası, Tərlan Əhmədovun özbaşınalıqlarına göz yuman deyiləm. Necə ki, "Keşlə"də (Şamaxı) ondan hörmətsizlik görüb layiqli cavabını vermişdim. Sonra qarşılıqlı üzrxahlıq nəticəsində söhbət bağlandı. Hamı onun da, mənim də kim olduğumuzu yaxşı bilir.
- "Keşlə"də aranızda nə baş vermişdi?
- Bu barədə çox danışmaq istəmirəm, keçmişdə qalıb. Amma ümumi deyim ki, dəxlisiz söhbət edir, ona aidiyyatı olmayan işlərə burun soxurdu. Bir faktı deyəcəm. Gənclərin təcrübəli futbolçu kimi mənə hörmət bəsləmələrini, məsləhət almalarını, hətta otağıma belə girmək istəyəndə qapını döyüb icazə almalarını gözü götürmürdü. Buna görə də hoqqa verirdi.
- Tərlan Əhmədov qəti şəkildə komandanı gəncləşdirəcəyini deyib. Belə olan halda sənin komandadan göndəriləcəyin gözlənilir...
- Hansı gəncləşdirmədən danışır? Bu qədər gənc futbolçu tökülüb qalıb ortada, hansı gənclərlə komanda quracaq? Bu uğursuzluğa haqq qazandlrmaq və bizi komandadan uzaqlaşdırmaq üçün bəhanədi. Gəncləşdirmə siyasəti onun təzə hoqqasıdı. Adam nə danışdığını bilmir. Komandaya gələndən bir neçə oyun sonra da bir-birinə zidd açıqlamalar verirdi. Gah “komandanı yenidən qurub elitada qalmaq uğrunda mübarizə aparacağıq, gah da 5-6-cı yerlər uğrunda oynayacam” dedi. Bilmək olmur, adam hansı məqsədə qulluq edir. Görünür, hansısa zibilləri var, onu ört-basdır etməyə çalışır. Rəhbərliklə görüşüb danışacam. İlqar Nadiri ilə yaxşı münasibətimiz var. Onunla müzakirə etdikdən sonra qərar verəcəm. Ola bilsin, mövsümün sonuna kimi əvəzedici heyətdə oynayım. Ən pis halda karyeramı bitirəcəm.
- Premyer-liqada ilk yarı sona yaxınlaşır. Komandaların çıxışını necə qiymətləndirirsən?
- Komandaların sayının artmasıyla çempionatın da səviyyəsi yüksəlib. "Qarabağ"ın gücü, səviyyəsi hamıya bəllidi, artıq nəsə deməyə ehtiyac duymuram. Hazırda layiq olduqları vahid liderliyi davam etdirirlər. "Sabah" mövsümə yaxşı başladı, heyətdəki yerlilərin və legionerlərin səviyyəsi göz önündədi. Sona qədər mübarizə aparıb 2-ci pillədə qalsalar, bunu onlar üçün böyük uğur saymaq olar. "Neftçi" futbol tariximizdə flaqman kimi iz qoysa da, hazırda adına uyğun çıxış etmir. "Turan Tovuz"la son matçlarına da baxdım, zəif çıxış etdilər. Yalnız penalti sayəsində qalib gəldilər. Yaxşı şəraiti, maddi imkanrı olmasına rəğmən, komanda tənəzzüldədi. "Zirə"nin də əvvəlki performansı gözə dəymir. "Qəbələ" ötən mövsümdəki çıxışıyla hamını heyran etdi. Çempionatımızın ən kreativ futbol sərgiləyən komandalarındandı. Cari mövsümün gedişində bir qədər büdrəsələr də, hazırda toparlanıb əvvəlki performansına doğru irəliləyir. "Turan Tovuz" sürpriz, sıçrayış etdi. Ayxan müəllim döyüşkən komanda yaradıb. Düşünürəm ki, "boz qurdlar" qış fasiləsindən sonra daha yaxşı çıxış edəcək. "Şamaxı", yerli futbolçulardan qurulmasına baxmayaraq, çempionatın gedişində toparlandı. Çoxları onları autsayder saysa da, 2-ci dövrədə çox yaxşı mübarizə aparırlar. Artıq bir neçə oyundu uduzmurlar. "Kəpəz"in durumu bəllidi. Premyer-liqanın ən acınacaqlı durumda olan komandası "Səbail"di. Biz orda çıxış edəndə aylarla maaş almırdıq. Buna baxmayaraq, meydanda can qoyurduq. Ötən mövsümdəki "Səbail" indikindən qat-qat yaxşı çıxış edirdi. Hazırda komandanın heç bir problemi yoxdu, büdcə artıb, futbolçuların maaşı vaxtında verilir. Qısası, futbol oynamaq üçün lazımi şərait var. Amma ortada nə yaxşı oyun, nə də nəticə var.
- Dünya çempionatı haqda təəssüratın da maraqlıdı…
- Qətərdəki mundialda sürpriz çox oldu. Mərakeşin çıxışı xoşuma gəldi. Çoxları onların, sadəcə, təsadüf, bəxt nəticəsində irəlilədiyini desə də, mən belə düşünmürəm. Təsadüf, bəxt bir, maksimum iki oyunda olar. Mərakeşlilər Portuqaliya, İspaniya kimi güclüləri mübarizədən kənarlaşdırdı. Fransaya qarşı da üstün oyun keçirdilər. Fürsətlərini qola çevirsəydilər, fərqli nəticə olardı. Mənə görə Mərakeş mundialın ən yaxşı komandasıdı, Xorvatiya ilə oyununu da maraqla gözləyirəm.
- Argentina, yoxsa Fransa çempion olacaq?
- Açığı, heç birinə simpatiyam yoxdu. Ona görə hansının çempion olacağı önəm daşımır. Məni Mərakeş - Xorvatiya matçı daha çox maraqlandırır. Afrikalıların mundialı 3-cü yerdə bitirməsini çox istəyirəm.
ABDULLA İSMAYILOĞLU