"Sumqayıt"ın məşqçisi: "Dəyişikliklər olacağı gözlənilir"

29.11.2022 18:57 336
Premyer-liqa / Manşet
Misli premyer-liqasında 15-ci tura yekun vurulub.

"Sumqayıt" evdə "Qəbələ" ilə heç-heçə edib - 1:1. Oyundan sonra meydan sahiblərinin məşqçisi Mübariz Orucov mətbuat konfransında iştirak edib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Maraqlı oyun alındı. İkinci hissədə qol epizodları bol oldu. Ədalətli nəticə elə heç-heçə idi. Qələbə də qazana bilərdik. Ancaq alınmadı. Halbuki futbolçular yaxşı oynadı. Çoxdandı ki, azarkeşlərimizi sevindirmək istəyirik. Onlar qələbəyə layiqdilər. Yəqin ki, növbəti oyunlarda bunu reallaşdırarıq".

- Vüsal İsgəndərlinin yoxluğu hiss edilirdi?
- Bu dəqiqə bizdə hər kəsin yoxluğu hiss edilir. Vüsal cəzalı durumda idi. Meydanda olsaydı, daha sürətli hücumlar təşkil edə bilərdik.

- Qışda komandadan gedənlər olacaq?
- Dəyişikliklər olacağı gözlənilir. İlin sonuna qədər üç oyunumuz qalıb. Elə bu oyunlara görə qərarımızı verəcəyik. Futbolçuların performansından çox şey asılıdı.

- Elvin Bədəlovun çıxışından razı qaldınız?
- Elvinin pis oynadığını düşünmürəm. Oyun epizodunda hər müdafiəçi səhv edir. Amma ümumilikdə müdafiə xəttimiz pis deyildi. Bədəlov özü də yaxşı oynadı.