Okan Buruk legioner limitindən narazıdı

9.10.2022 16:50 294
Dünya futbolu
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk heç cür istənilən formaya düşə bilməyən Kərəm Aktürkoğlu və Yunus Akgün ilə bağlı yeni variantlar üzərində baş sındırır.

Bilindiyi kimi, bu mövsüm Türkiyə futbolunda “8+3” limiti tətbiq olunur. Yəni start heyətində mütləq 3 yerli futbolçu olmalıdı. Uyğun olaraq sol və sağ cinahda qərarlaşan Kərəmlə Yunusun 8 turun hamısında start heyətində meydana çıxması məhz bununla bağlıdı. Amma həftələr irəliləsə də, bu oyunçular onlardan gözləniləni vermir. 8 tur ərzində Yunusun hesabında nə qol var, nə də məhsuldar ötürmə. Kərəm isə yalnız 2 qol vurub. Komandanın güclü hücum xəttinə rəğmən, məhsuldarlığının aşağı olmasını həm də bu iki vingerin zəif oyunu ilə də əlaqələndirənlər var. Türkiyə mətbuatının yazdığına inansaq, Okan Buruk bu həftə dəyişikliyə gedərək bu ikilidən birini ehtiyatda saxlayacaq və hər iki cinahda oynamağı bacara Milot Raşitsaya şans verəcək. 3-cü yerli oyunçu tələbi isə müdafiənin sol cinahında qarşılanacaq. Van Anholtun ehtiyatda qalacağı və onun mövqeyində ya Əmrə Taşdəmirin, ya da Berkan Kutlunun oynayacağı gözlənilir.

Bu arada Buruk son açıqlamasında növbəti dəfə “8+3” limitindən narazılığını dilə gətirib:
“Legioner limiti ilə bağlı hələ ki məndən başqa narazılıq edən görmürəm. Halbuki bunun yanlış olduğunu hər kəs bilir və qeyri-rəsmi yerlərdə hamı bundan danışır. Azarkeş də, mətbuat da, məşqçilər də narazıdı. “8+3” limitindən kimin razı olduğu mənə çox maraqlıdı. Bunun Türkiyə futboluna heç bir faydası yoxdu. Bu qərar çıxmamış yığmamız daha yaxşı nəticələr əldə edirdi və daha çox oyunçumuz Avropaya yollanırdı. Hər şey normal davam edərkən özümüzdən qəribə bir limit yaradıb ortaya atdıq. Halbuki Türkiyə futbolunun probleminin tam başqa şeylərdə olduğunu hər birimiz bilirik”.