Dambrauskasın tənqid allergiyası – YAZI

17.09.2026 10:52 432
Manşet / Yazarlar
Misli premyer-liqasında 5-ci turun son matçı – “Şəfa” – “Sabah” qarşılaşması “bayquşlar”ın 3:0 hesablı qələbə sayəsində lider olması ilə nəticələndi. Açığı, matçla bağlı deyiləcək söz yoxdu. Onsuz da favorit sayılan qonaqlar Mançester səfəri üzündən yorğunluğa baxmayaraq, statusunu doğrulda bildi.

Sumqayıtda diqqəti çəkən məqam “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın oyunsonrası mətbuat konfransında işlətdiyi bəzi ifadələr oldu. Sizə birmənalı qarşılanmayan dialoqu xatırladırıq.

- “Mançester Yunayted”lə oyunda açıq futbol oynamağınız tənqidlərə səbəb oldu. Bununla bağlı fikirləriniz necədi?
- “Mançester Yunayted”lə oyun haqda danışmışıq. Bilirsiz, dünyada ən asan iş nədi? Hansısa komandanı tənqid etmək... Hər kəs istədiyi kimi danışa bilər. İşimizi mükəmməl şəkildə görməyə çalışırıq. Azarkeşlər tənqid etməlidi. Bunu anlayırıq. Amma bunların heç biri bizə təsir etmir. Gördüyünüz kimi, oyunumuza köklənmişik. Çox ağır səfərdən sonra burda qələbə qazanmışıq.

- “Mançester Yunayted”lə oyundan sonra Rəhman Daşdəmirova olan tənqidlərə münasibətiniz necədi?
- Rəhmanı tənqid edənləri başa düşmürəm. Əvvəl deyirdilər ki, niyə azərbaycanlı futbolçular oynamır? Azərbaycanlı oyunçu Çempionlar Liqasında “Sabah”ı təmsil edir. Ona hörmətlə yanaşmaq lazımdı. Rəhman ölkədəki ən yaxşı üç futbolçudan biridi. Tənqidlər olacaq. Belə tənqidləri qəbul etmirəm. Rəhman və ya başqa futbolçularım nə ediblər? 33 oyun məğlub olmayan komanda çempion olub, ölkə kubokunu qazanıb. Azərbaycanı Çempionlar Liqasında təmsil edirik. Nəyə görə oyunçularım tənqid olunmalıdı? Məsləhət görərdim ki, öz futbolçularımıza dəstək olaq. Onlar “Sabah” və Azərbaycan üçün böyük iş görüblər.

Əlbəttə, biz də “Sabah”ın nə dərəcədə böyük uğur qazandığının fərqindəyik və “Tofiq Bəhramov”da Beer-Şeva “Hapoel”i üzərində qazanılan qələbəni ayaqüstə alqışlayanlar sırasındaydıq. Ancaq heç də hər şey bununla yekunlaşmır. Mübarizə davam edir, daha böyük uğurlar qazanmaq lazımdı. Təbii ki, bu sırada azarkeş mövqeyi ən önəmli məqamlardandı. Düzdü, ilk dəfə belə nailiyyət qazanan Dambrauskasın emosionallığı anlaşılandı. Yenə də tənqidləri soyuqqanlı qarşılamaq, fikirlərdə həqiqət axtarmaq vacibdi. Bəlkə də növbəti dəfə “Qarabağ”ı nümunə göstərmək litvalının xoşuna gəlməyəcək. Lakin başda Qurban Qurbanov olmaqla Ağdam təmsilçisi illərdi qazandığı böyük uğurlara rəğmən, daim tənqid olunub. Öz aramızdı, bəlkə uğurun sirri məhz bundadı?

Nəriman Axundzadə isə Rəhmanla müqayisədə daha ağır iradlar eşidib, iş o həddə çatıb ki, məhz bu üzdən karyerasını ölkə xaricində davam etdirmək qərarına gəlib. Odu ki, Dambrauskas Daşdəmirovu qoruyarkən azarkeşlərə qarşı cəbhə açmamalıdı. Axı “Sabah” uzun yola çıxıb və həmin tərəfdarlara hələ çox ehtiyac duyulacaq. Baş məşqçi istəmədən onları “Sabah”dan küsdürə bilər.

Bizim də məsləhətimiz var: tənqidlər nəticə çıxarmaq üçündü, bildiyini oxumaq üçün yox!

KƏNAN BAHADIR