Avqustun sonunda Kaxaber Sxadadze ilə yolları ayıran “Qəbələ” artıq yeni mütəxəssislə anlaşıb. “Sükan arxasına” Yeton Bekiri keçib. Şimali Makedoniyadan olan 44 yaşlı mütəxəssislə “1+2” illik müqavilə imzalanıb.
“Football-plus.az” yeni baş məşqçinin karyerasına nəzər salıb.
“Drita” (Boqovinye). Bekiri məşqçi karyerasına vətənində məhz bu klubda başlayıb. 2008-ci ilin iyulunda işə başlayan mütəxəssis 1540 gün burda çalışandan sonra 2012-ci ilin oktyabrında ayrılıb. 2013-ün aprelində yenidən “Drita”nın baş məşqçisi postuna qayıdan Bekiri həmin ilin dekabrında ikinci dəfə komandadan ayrılıb.
“Qostivar”. “Drita”dan ilk ayrılığından sonra “Qostivar”a keçən Bekiri burada uzun müddət çalışmayıb. 2013-cü ilin aprelində komandanı tərk edib.
“Şkendiya”. Karyerasında xüsusi yer tutan “Şkendiya”da fəaliyyətə 2014-cü ilin yanvarında köməkçi-məşqçi kimi başlayıb. Növbəti ildən isə baş məşqçi postunu tutub. 2016-cı ildə komandanı Şimali Makedoniya kubokunun qalibi edib və 2017-ci il iyulun 1-də klubdan ayrılıb. Bekiri 2024-cü il yanvarın 1-də yenidən “Şkendiya”ya qayıdıb. 2025-ci ildə komanda ilə ölkə çempionu titulunu qazanıb. Bu il mayın 31-də isə klubdan növbəti dəfə ayrılıb.
“Flamurtari”. 2017-ci il iyulun 1-də mütəxəssis ilk dəfə ölkə xaricində çalışmağa başlayıb. Albaniya klubunda köməkçi-məşqçi kimi fəaliyyət göstərən Bekiri 2018-ci ilin aprelində komandadan ayrılıb.
“Renova”. İkiaylıq fasilədən sonra, 2018-ci ilin iyununda “Renova” ilə anlaşan Bekiri burada cəmi 96 gün çalışıb. Həmin ilin oktyabrında klubdan ayrılıb.
“Struqa”. Təxminən birillik fasilədən sonra mütəxəssis 2019-cu ildə “Struqa” ilə anlaşaraq fəaliyyətini davam etdirib. 2020-ci ilin martına qədər bu klubda çalışıb.
“Bilis”. Daha birillik fasilədən sonra, 2021-ci ilin iyulunda Albaniya təmsilçisinə rəhbərlik etməyə başlayıb. Həmin mövsüm komanda Albaniya 2-ci liqasının qalibi olub. Bekiri 2022-ci ilin avqustunda klubdan ayrılıb.
2022-nin oktyabrında Səudiyyə Ərəbistanının 2-ci liqasında çıxış edən “Əl-Cəbələyn”də idman direktoru kimi fəaliyyətə başlayıb. 2023-cü ilin dekabrında klubdan ayrılıb. Ertəsi gün isə “Şkendiya”ya qayıdıb.
Bekiri yalnız “Şkendiya”ilə avrobubokları görə bilib. Mütəxəssis 2024/25 mövsümündə Konfrans Liqasında ilk mərhələdə mübarizəni dayandırıb.
Ötən mövsüm ölkə çempionu olduqları üçün “Şkendiya” Çempionlar Liqasından mübarizəyə başlayıb və sonradan Konfrans Liqasının liqa mərhələsinə qədər irəliləyib.
Bekirinin rəhbərliyi altında “Şkendiya” Konfrans Liqasında ümumilikdə 10 matç keçirib. Bu görüşlərdə 2 qələbə, 1 heç-heçə və 7 məğlubiyyət qeydə alınıb. Komanda həmin oyunlarda 4 qol vurub, 10 qol buraxıb.
Avropa Liqasında isə “Şkendiya” Bekirinin rəhbərliyi altında 2 matç keçirib. Bu görüşlərin 1-də qələbə qazanan, 1-də məğlub olan komanda 3 qol vurub, qapısında 5 top görüb.
Çempionlar Liqasında isə Bekirinin komandası 6 oyunun 3-də qələbə qazanıb, 1-də heç-heçə edib, 2-də uduzub. “Şkendiya” bu görüşlərdə 6 qol vurub, 8-ni buraxıb.
İSRAYIL XEYRULLAYEV
Bekiri “Qəbələ”ni günə çıxaracaqmı?
Ölkə futbolu / Manşet






