“Bəhramov”un pilləkənləri, Aslan Kərimovun “qırmızı”sı, Vaqif Sadıqovun "Spartak"a qolu...

16.09.2026 23:08 315
Ölkə futbolu / Manşet
Bu gün Azərbaycan futbol tarixində xüsusi yerə malik Tofiq Bəhramov adına Respublika stadionunun 75 yaşı tamam olur. Biz burda nə qələbələr gördük, necə böyük məyusluqlar yaşadıq...

Uzun illər ərzində “Neftçi”, “Qarabağ” kimi klubların, ölkənin müxtəlif yaş qrupu üzrə yığmalarının oyunlarına səhnə olan stadionla bağlı xatirələrini danışmaq üçün veteranlara müraciət etdik.

Arif Əsədov:

“Tofiq Bəhramov stadionunun adı gələndə, təbii ki, adamda nostalji hisslər yaranır. Bu stadion ilk növbədə uşaqlıq illərimizi, “Neftçi”nin SSRİ çempionatındakı oyunlarını izlədiyimiz günləri xatırladır. O vaxt bizdən yaşca böyük olan futbolçuların oyunlarını tribunadan izləməyim bu gün də yadımdadı. Daha sonra özüm futbolçu olanda həmin stadionda “Neftçi”nin heyətində SSRİ çempionatının yüksək dəstəsində, eləcə də birinci liqada keçirdiyimiz oyunlar göz önünə gəlir. Orda qələbələrimiz, sevinc dolu günlərimiz olduğu kimi, məğlubiyyətlərimiz də olub. Bütün bunlar Tofiq Bəhramov stadionu ilə bağlı xatirələrimin bir hissəsidi. Sonra İsveçrə üzərində qazandığımız qələbə, Portuqaliya ilə qarşılaşmalar, Slovakiya üzərində qələbə göz önünə gəlir. Təbii ki, bu xatirələr yada düşdükcə adam istər-istəməz geriyə qayıdır, futbol karyerasına nəzər salır.

Maraqlı məqamlardan biri də odu ki, həmin vaxt stadionda indiki kimi plastik oturacaqlar və tribunalar yox idi. Fərqli quruluşda idi, pilləkənlər vardı. Bizə məşqlər zamanı həmin pilləkənlərdə fiziki yükləmələr verirdilər, üzüyuxarı qaçırdırdılar. Mənim üçün ən unudulmaz matç İsveçrə millisi üzərində qələbədi”.


Aslan Kərimov:

“Bu sualı mənə verməyin (gülür). Həmin stadionunla bağlı xoş olmayan xatirəm var. AÇ-2008-in seçmə mərhələsində Portuqaliya ilə oyunda aldığım qırmızı vərəqəni xatırlayıram”.

Vaqif Sadıqov:

“Bu mövzuda saatlarla danışa bilərəm. “Neftçi”də çıxış etdiyim vaxt SSRİ çempionatının güclülər dəstəsində iki dəfə fərqlənmişəm. Həmin görüşlərdə “Spartak”la “Şaxtyor”un qapısında SSRİ millisində çıxış edən qapıçılar dayanırdı. Futbolçu kimi stadionda unutmadığım görüşlər məhz bunlardı”.

İSRAYIL XEYRULLAYEV