“Qalatasaray”ın əfsanələri filmdə çəkilmək istəməyiblər - AÇIQLAMA

27.09.2022 16:39 371
Dünya futbolu
''Netfliks'' tərəfindən Fatih Terim haqda çəkilən və sentyabrın 15-də ekranlara çıxan 4 hissəli sənədli film Türkiyədə müzakirə olunmaqda davam edir.

Football-plus.az xəbər verir ki, ekran işini bəyənənlərlə yanaşı, bəyənməyənlər də var. Məsələn, tanınmış futbol şərhçisi Mehmet Demirkol filmi vaxt itkisi adlandıraraq onun sənədli film yox, Terim barədə tərifnamə olduğunu bildirib. Amma tanınmış yumorist, ssenarist və stendapçı Cem Yılmaz isə filmi bəyəndiyini söyləyərək, başqalarına da onu izləməyi məsləhət görüb.

Eyni zamanda filmdə ''Qalatasaray''ın tarixində böyük rol oynamış bir çox sabiq futbolçunun olmaması birmənalı qarşılanmayıb. Bunların başında Hakan Şükür ilə Arif Ərdəm gəlir. Düzdü, Fətullah Gülən tərəfdarı olan bu ikili barədə ölkədə çoxdan həbs qərarı çıxarılıb və onlar uzun müddətdi ABŞ-da yaşayırlar. Hakanla Arifin filmdə yer almamasını bununla əsaslandırmaq olarsa, orda Bülənt Korkmaz, Tuqay Kərimoğlu və Hasan Şaş kimi əfasnələrə yer verilməməsinə izah tapmaq çətindi. Şaş həm də yaxın keçmişdə ''İmperator''un köməkçisi olub və üstəlik onun həmşəhərlisi, yəni adanalıdı. Bu arada Türkiyə mətbuatının yazdığına inansaq, filmi araya-ərsəyə gətirənlər tərəfindən adı çəkilən hər 3 sabiq oyunçuya orda iştirak etməklə bağlı təklif irəli sürülsə də, onlar razı olmayıblar! Hasan qısaca məsələyə belə münasibət bildirib:

"3 ildi futbol camiəsindən uzağam. Artıq futbolla maraqlanmıram və futbolla bağlı heç bir planım yoxdu. Ona görə də heç yerdə futbol haqda danışmaq istəmirəm və bundan sonra da danışmayacam''.


Yenə də 1996-2000-ci illərin önəmli isimləri arasında yer alan Suat Kaya və Hakan Ünsala isə təklif irəli sürülməyib. Hakan Ünsal qısa açıqlamasında bunları deyib:

''Sənədli film barədə heç nə demək istəmirəm. Çünki orda iştirakımla bağlı heç kimdən təklif almadım. Hasan Şaş, Bülənt Korkmaz və Tuqay Kərimoğlunun nə üçün filmdə yer almadığını isə bilmirəm''.


Filmlə bağlı səsləndirilən daha bir tənqidi fikir Terimin 2000-ci ildə ''Qalatasaray''dan ayrılmasının detallarının tam aydın olmaması və məşqçi ilə rəhbərlik arasında o dönəmdə yaşanan fikir ayrılığının ört-basdır edilməsidi.