Football-plus.az xəbər verir ki, İstanbul təmsilçisi mövsümün əvvəlini mükəmməl keçirir. Komanda superliqada keçirdiyi 5 oyunun heç birində qol buraxmayıb və ümumilikdə 12 rəsmi oyunun heç birində uduzmayıb (9 qələbə, 3 heç-heçə). Dünən oyunöncəsi mətbuat konfransında italiyalı jurnalistlər başakşəhərlilərin baş məşqçisi Əmrə Belözoğluya Fatih Terim barədə sual ünvanlayıblar. Bu da təsadüfi deyil. Terim vaxtilə həm Əmrənin məşqçisi olub, həm də florensiyalıları çalışdırıb. Oyun məhz onun adını daşıyan stadionda keçiriləcək. Bundan başqa bu gün həm də ''Netfliks''in ünlü mütəxəssislə bağlı çəkdiyi sənədli film ekranlara çıxacaq.
Maraqlıdı ki, Əmrə italyan jurnalistin sualını elə italyan dilində cavablandırıb:
''Bildiyimə görə Terim oyunu izləməyə gələrək bizimlə birlikdə olacaq. Zatən stadion onun adını daşıyır. Rəqib də ona gözəl tanış olan komandadı. Haqqında film çəkilən Terim məncə, bu ölkənin gəlmiş-getmiş ən güclü məşqçisidi. O, ''Fiorentina''nı çalışdırarkən Türkiyədə hamı bu kluba azarkeşlik edirdi. Hər kəs onun kimi olmaq istəyir. Mənim də məşqçim olub. Dəyərli insandı və onu çox sevirəm''.
