"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində israildə "Makkabi"yə (Təl-Əviv) qarşı cavab oyunundan öncə bu gün mətbuat konfransında iştirak edib.
Football-plus.az xəbər verir ki, gənc mütəxəssis qarşılaşma haqda fikirlərini səsləndirib:
"Sabah bizi "Makkabi"yə qarşı cavab qarşılaşması gözləyir. Bu, bizim üçün növbəti beynəlxalq oyundu. İnkişaf edib, səviyyəmizi artırmaqdan ötrü yaxşı fürsətdi. Böyük istəklə, həvəslə oyuna hazırlaşırıq. Düşünürəm ki, komandamız son matçdakı nəticəni artıq unudub. Bütün diqqət və motivasiyamızı sabahkı oyuna yönəltmişik. Məşqlərdən də bunu hiss edirəm. Sabah ən əsası istərdik ki, maraqlı oyun olsun. Rəqibə qarşı əzmkar mübarizə göstərib, yaxşı nəticə ilə səfər görüşündən ayrılaq".
Təl-Əvivin "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Zirə" matçı Bakı vaxtı ilə saat 21.30-da start götürəcək.