“Tampa-Bey” ardıcıl üçüncü dəfə finalda oynayacaq!

15.06.2022 09:14 337
İdman
Şərq konfransının final seriyasının ilk iki oyununda “Reyncers” qələbə qazananda çoxları “Tampa-Bey”in üzərindən xətt çəkməyə tələsdi.

Ancaq idmanın istənilən növündə təcrübənin nə qədər önəmli amil olduğu növbəti dəfə göründü. “Laytninq” sonrakı 4 oyunun hər birini qələbə ilə bitirdi. Beləliklə, Şərq konfransının çempionu olan “Tampa-Bey” ardıcıl 3-cü dəfə Stenli kubokunda oynayacaq. Son iki ildə kuboku qazanan komanda bu dəfə gücünü “Kolorado”ya göstərməyə çalışacaq. Xatırladaq ki, “Evelanş” Qərb konfransının final seriyasında “Edmonton”u 4:0 hesabıyla məğlub edib. “Tampa-Bey” ilə “Kolorado” indiyə qədər heç vaxt pley-offda üz-üzə gəlməyib. “Kolorado” əvvəllər iki dəfə (1996 və 2001) finala çıxıb və hər ikisində qalib gəlib. 5-ci dəfə finalda oynayacaq “Tampa-Bey” isə iki dəfə ardıcıl (2020, 2021) olmaqla bu kuboku ümumilikdə üç dəfə qazanıb.

Daha bir maraqlı məqam odu ki, Kori Perri Marian Qossanın müxtəlif komandalarla Stenli kubokunun finalında oynamaqla bağlı rekordunu təkrarladı. 32 yaşlı Kori bu dəfə finala “Tampa-Bey”lə adladı. 2020-də “Dallas”la, 2021-də isə “Monreal”la eyni nəticəni göstərmişdi. Beləliklə, Perri ardıcıl 3-cü finalda üç fərqli komanda ilə oynayacaq. Bu, onun üçün ümumilikdə 4-cü finaldı. Perri 2007-də “Anahaym”la Stenli kubokunu qazanıb.
“Reyncers”i sıradan çıxaran “Tampa-Bey”in düşərgəsində şadyanalığın hökm sürməsi təbiidi. Komandanın hücumçusu Stiven Stemkosun fikirləri:

“Bu anı yenidən yaşamaq, geriyə boylananda necə xüsusi komandamızın olduğunu anlamaq xoşdu. İrəlidə hələ bir neçə oyun var. Qarşıya qoyulan hədəfə doğru aparan yoldayıq. Ancaq komandamız, sadəcə, möhtəşəm və xüsusidi. Hər oyunçu ümumi işin bir hissəsidi. Bizim komandamızı xüsusi, möhkəm, unikal edən həm də budu ki, məqsədimizə necə çatacağımız bizi narahat etmir. Hamı ilə qürur duyuram”.


“Tampa”nın baş məşqçisi Con Kuper də komandasının finala vəsiqə qazanmasını şərh edib:

“MHL-də oynamaq dərəcəsində yaxşı hokkeyçi deyildim. Ancaq sən Kanadada böyüyürsənsə, adının Stenli kubokunda görünməsini arzulayırsan. Bu kuboku birinci dəfə qazananda arzum çin oldu. İkinci qələbə yuxu kimidi. Bu seriyanın axarını döndərə biləcəyimizi və ardıcıl 3-cü dəfə titul uğrunda mübarizə aparacağımızı təsəvvür etmək çətin idi. Oyunçularımızın gördüyü işə heyranam”.


İndi hər kəs iyunun 15-dən 16-na keçən gecə start götürəcək final seriyasını böyük həvəs və maraq ilə gözləyir. “Kolorado”nun forvardı Qabriel Landeskruq finalla bağlı gözləntilərini bölüşüb:

“Ən yaxşı olmaq üçün ən yaxşılara qalib gəlməlisən. Bu uşaqlar ardıcıl ikinci dəfə Stenli kubokunu qorumağa çalışacaq. Odu ki, həyəcanlıyıq, yaxşı final olacaq”.


“Kolorado”nun baş məşqçisi Cared Bednarın da fikirləri ilə tanış olun:

“Həqiqətən geniş heyətə malik rəqiblə qarşılaşacağıq. Müdafiədə əla oynayırlar, hücumda təhlükəlidilər. Qapıçının oyunu da möhtəşəmdi. Ancaq biz də yeni çağırışa hazırıq. Hesab edirəm ki, “Tampa-Bey”i məğlub etməyə hazır olmalıyıq. Bu uzun və gərgin seriya olacaq”.


konfrans finalı
12 iyun
Tampa-Bey – Reyncers 2:1 (0:0, 1:0, 1:1)
Seriyada hesab – 4:2.