MHL-də son iki gündə o qədər maraqlı hadisə baş verib ki, hardan başlayacağımızı bilmirik.
Məsələn, son 28 ildə ilk dəfə üç müdafiəçi 80 və daha artıq xal toplayıb. “Neşvill”dən Roman Yosi “Tampa-Bey” ilə oyunda fərqlənməklə xalını 91-ə (21+70) çatdırdı. “Kolorado”nun müdafiəçisi Keyl Makar hesabına 85 (27+58) xal yazıb. “Tampa-Bey”dın Viktor Hedman “Neşvill” ilə oyunda 81-ci (21+60) xalını rəsmiləşdirdi. Üç müdafiəçinin 80-dən artıq xal toplaması sonuncu dəfə 1993/94 mövsümünə təsadüf etmişdi. Onda Rey Burk (91, “Boston”), Sergey Zubov (89, “Reyncers”) və El Makinnis (82, “Kalqari”) belə uğurla yadda qalmışdı.
“Detroyt”la oyunda dubl edən “Toronto”nun forvardı Oston Mettyus qollarının sayını 60-a çatdırdı. 24 yaşlı ulduz MHL tarixinə mövsüm ərzində 60 qol vurmağı bacaran ilk amerikalı kimi düşdü. Sonuncu dəfə “Tampa”nın forvarsı Stiven Stemkos 2011/12 mövsümündə bir mövsümdə 60 qol həddinə çatmışdı. “Vaşinqton”un kapitanı Aleksandr Oveçkin isə 2007/08 mövsümündə 65 dəfə fərqlənib.
Bu arada pley-offda iştirak edəcək 16 komandadan 15-i artıq müəyyənləşib. Şərq konfransından Stenli kuboku uğrunda yarışacaq komandaların siyahısı: “Florida”, “Toronto”, “Karolina”, “Reyncers”, “Tampa-Bey”, “Boston”, “Pittsburq” və “Vaşinqton”. Qərb konfransından isə artıq pley-offa vəsiqəni “Kolorado”, “Kalqari”, “Minnesota”, “Sent-Luis”, “Edmonton”, “Los-Anceles” və “Neşvill” təmin edib. Sonuncu vəsiqə uğrunda mübarizə “Dallas”la “Veqas” arasında gedir. Sona iki oyun qalmış əsas rəqibini 4 xal qabaqlayan “Dallas”a qarşıdakı oyunlarda 1 xal qazanmaq da bəs edir. “Dallas” son oyunlarda “Arizona” və “Anahaym”, “Veqas” isə “Çikaqo” və “Sent-Luis” ilə qarşılaşacaq.
Pley-offa vəsiqə qazanan komandalarla bağlı maraqlı faktlar var. Belə ki, Şərq konfransında bu uğura nail olanların hər biri 100-dən artıq xal toplayıb. MHL tarixində ilk dəfə Şərq konfransı ilə bağlı belə hadisə yaşanır.