"Bəlkə də Bədavini müdafiənin mərkəzinin “birinci skripka”sı kimi oynadacaq” - AÇIQLAMA

2.06.2022 21:17 541
Ölkə futbolu / Manşet
Çoxdan gözlədiyimiz Millətlər Liqası bizim üçün sabah start götürəcək.

Ən azı adlara baxanda komandamızın normal qrupda yer aldığını deyə bilərik. Doğrudu, Latviya və Maltaya qarşı keçirdiyimiz son iki yoldaşlıq oyunu bu fikirlərin üstündən hardasa xətt çəkdi. Görünür, Canni de Byazi bizdən fərqli bu matçlara dəvət etdiyi futbolçulardan razı qaldığından bu dəfə də böyük ölçüdə həmin oyunçuları çağırıb.

Sadəcə, bizim üçün qaranlıq qalan bəzi məqamlar var. Onlardan birincisi uzun müddətdi zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan, Qazaxıstan çempionatında cəmi 1 oyuna çıxan Emil Balayevin 3 qapıçıdan biri kimi yığmaya dəvət edilməsidi. İkinci məqam Riçard Almeyda kimi maksimum 5 dəqiqə meydanda normal oynamaq gücünə malik futbolçuya yığmanın qapısının açılmasıdı. Üçüncü məqam cari mövsümdə 127 dəqiqə oynamaq fürsəti tapan Bədavi Hüseynovun müdafiəyə güvən vermək üçün çağrılmasıdı. Dördüncü isə Dimitri Nazarovdu. Onun haqda, ümumiyyətlə, danışmağa ehtiyac görmürük.

Bu məsələni həmkarlarımızla müzakirə etməyi lazım bildik. "Sport24.az" saytının baş redaktoru mövzu ilə bağlı "Football-plus.az" saytına açıqlaması belə oldu:

“Dəvət alan futbolçuların hamısına Ok! Ancaq hesab edirəm ki, 4 oyun üçün 23 meydan oyunçusu azdı. Dəvətlilərin əksəriyyəti Azərbaycan premyer-liqasında oynayır. Onların 12 günə 4 yox, hətta 2 yüksək səviyyəli matça çıxması olduqca mürəkkəb məsələdi. Bu səbəbdən bir neçə simanı da qeyd edərdim. Murad Musayev, Ülvi İsgəndərov, Rövlan Muradovu “Qəbələ”dən, Amin Seydiyevlə Elvin Camalovu isə “Sabah”dan dəvət etmək olardı. Yenə deyirəm, sayı artırmaq məqsədilə daha çox oyunçu dəvət etmək prizmasından yanaşıram. O ki qaldı Riçard Almeydaya, fikrimcə, De Byazi haqlıdı. Zəngin təcrübəyə malik braziliyalı autsayder yox, çempion komandanın heyətinə düşməkdə çətinlik çəkib. Ancaq “Qarabağ”da ehtiyatda oturmaq belə, bir sıra klublarımızın əsas heyətinə düşməkdən çətindi. Hesab edirəm ki, Almeyda istənilən oyunun bir hissəsini effektli keçirə bilər. Bədavi Hüseynova gəlincə, onun daha çox düşərgədə motivator kimi rol oynayacağını düşünürəm. Ancaq italiyalı mütəxəssis situasiyanı əyani görür. Bəlkə də Bədavini müdafiənin mərkəzinin “birinci skripka”sı kimi oynadacaq”.


SƏNƏM FƏRHADOVA