"Mən də dəvət ediləcəyimi çox gözləyirdim" - AÇIQLAMA

2.06.2022 17:59 591
Ölkə futbolu / Manşet
Millimiz sabah Millətlər Liqasında mübarizəyə başlaycaq.

Ardıcıl 4 oyun keçirəcək komandanın yekun heyəti mayın 30-da açıqlandı. De Byazinin budəfəki seçimi də müzakirələrə səbəb oldu. Bunlardan ilki heyətdə yer alan bəzi futbolçuların oyun praktikasından əziyyət çəkməsidi. Cari “futbol ili”ndə cəmi 127 dəqiqə meydanda olmaq imkanı tapan Bədavi Hüseynov, Riçard Almeyda kimi oyunçular yığmanın müqəddəratını həll edəcək matçlar üçün 26 nəfərlik siyahıya əlavə edilib. Ancaq bu mövsüm premyer-liqada yüksək performansı ilə seçilən bir neçə futbolçu milliyə çağrılmayıb. Onlar, komandası autsayder olsa belə, parlaq oyun nümayiş etdirən “Səbail”dən Adil Nağıyev, Murad Musayevin haqlı olaraq “Sabah”ın lideri adlandırdığı Elvin Camalov və müdafiədən oyun qurmaq bacarığı olan Amin Seydiyev, mövsümü 4-cü pillədə başa vuraraq Konfrans Liqasında iştirak haqqı qazanan “Qəbələ”dən Murad Musayev, Rövlan Muradov və Məqsəd İsayevdi. Təbii ki, bu siyahıda olmağı haqq edən “Qarabağ”dan Filip Ozobiçi də unutmayaq. Ancaq qeyd etmək lazımdı ki, xorvat əsilli futbolçu ilə Seydiyev zədə səbəbindən millidə çıxış edə bilmir. Qalan futbolçuların çağrılmamasının səbəbini deyə bilmərik. Maraqlıdı, adı çəkilənlər milliyə dəvət almamalarının səbəbini nədə görür?

Sualımıza cavab tapmaq üçün onlardan biri olan Elvin Camalovla danışdıq:

“Millidə iştirak etmək hamımızın boynunun borcudu. Hər bir futbolçunun da ən böyük istəyi, məqsədi yığmada çıxış etməkdi. Mən də dəvət ediləcəyimi çox gözləyirdim. Həmişə də milli üçün can-başla oynamaq istəmişəm. Hazırda da çox istəyirəm. Sadəcə, bu dəfə qərar belədi. Amma bu o demək deyil ki, hər şey bitdi. Əksinə, bundan sonra daha çox çalışıb, üzərimdə işləməliyəm ki, milliyə dəvət alım. Nə vaxt çağırılsam, sevə-sevə gedib yığmada çıxış etməyə hazıram. Çünki milli ən böyük zirvədi. Bayrağımızı dalğalandırmaq bizim şərəfli borcumuzdu”.


SƏNƏM FƏRHADOVA