Artıq tarixə qovuşan “Energetik”in məşqçisi Azər Həşimov "Football-plus.az" saytına müsahibədə bəzi suallara aydınlıq gətirdi.
- Bir müddət futboldan kənarda qaldız. Həmin müddətdə pandemiya da azarkeşlərin stadionlara gəlməsinə maneə olurdu. Azarkeşsiz futbol necə görünürdü?
- Futboldan uzaq qalmağım mənə də çox təsir etdi. Pandemiya səbəbindən oyunlarımıza azarkeşlər də gələ bilmirdilər. Çox maraqsız görünürdü. Həqiqətən də azarkeşsiz futbolun heç bir marağı yoxdu. Futbolda azarkeş çox şey deməkdi. Bəli, futboldan uzaq qalanda çox çətinlik oldu. İndi isə çalışırıq ki, Mingəçevirə böyük futbolu qaytaraq.
- Müsahibələrinizin birində uşaq futboluna pul yatırılmalı olduğunu demisiz. Belədə Azərbaycan futbolu inkişaf mərhələsinə qədəm qoya bilər? - Bəli, uşaq futboluna pul yatırılmalıdı. Hər şey təməldən başlayır, uşaq futboluna pul yatırılsa, daha güclü inkişaf edər. Normal məşqçilər olmalıdı ki, uşaqlara istiqamət versin, təməl texnikaları göstərsin. Bunları öyrəndikcə isə uşaqlar yarışlara getməlidilər. Bunlar hamısı da pul tələb edir. Necə ki, Qəbələ futbol klubunun akademiyası hər il komandanın Azərbaycandan kənardakı turnirlərdə iştirakına şərait yaradırdı. Bu daimi olmalıdı ki, futbolçular inkişaf eləsinlər. Bunlar da hamısı sərmayə tələb edir. Hər turnirdə oynadıqca təcrübə artır, uşaqlar daha da həvəsli olurlar. Uşaqlar başqa ölkələrin aşağı yaşlı oyunçularını görüb özlərinə stimul alırlar ki, nəyə görə biz onlar kimi oynaya bilmirik? Qarşılarına məqsəd qoyub inkişaf edirlər. Bu vacibdi.
Bölgələrdə uşaq futboluna pul ayrılmalıdı. Onda klublarımız da, millimiz də daha artıq inkişaf edəcək.
- Ölkəmizdə dünyanın tanınmış klublarında çıxış edəcək potensiala malik futbolçular var?- Bəli, öz üzərində daha çox işləyən futbolçularımız xarici klubların diqqətini çəkə bilər. Mahir Emrelini gördüz, “Qarabağ”da sözünü dedi, “Legiya”, daha sonra Zaqreb “Dinamo”su onu transfer etdi. Ona görə də bizim futbolçular öz üzərində daha çox işləməlidilər. Nəticə verdikcə rahatlaşmamalı, daha çox əziyyət çəkməlidirlər ki, o mərhələyə gedib çıxsınlər. Pandemiyadan əvvəl mənə sual vermişdilər ki, Qəbələ akademiyasından milliyə kim gedə bilər. Onda Amin Seydiyevi demişdim və o tez bir zamanda milliyə dəvət aldı. Mən yenə də sözümün üstündə dururam. Amin Seydiyev öz üzərində daha çox işləsə, əziyyət çəksə, Avropanın ən yaxşı klublarında oynaya biləcək gücdədi. Buna onun həm xarakteri, həm də potensialı imkan verir.
- Vaxtilə ölkəmizi avrokuboklarda təmsil edən klublardan yalnız “Qarabağ yox, başqaları da uğurlu çıxış edirdi. - Bəli, əvvəl “Qarabağ”, “Qəbələ”, “Neftçi” Avropa Liqasının qrup mərhələsində oynayırdılar. Əlbəttə, bölgələrimizdə, çempionatda komandaların sayı artsa, daha yaxşı inkişaf edərik. Mingəcevir komandasında köməkçi məşqçi işləyirəm. Burda hər məşq keçdikcə oyunçuların həvəsi daha da artır, oyunlarımıza azarkeşlər də gəlir. Bu da futbolçularda məsuliyyəti daha da artırır. Bölgələrdə futbolumuzun inkişafı azarkeşlərin sayəsində sürətlənməkdədi.
- Amma bölgə komandalarının da maliyyələşməsində ciddi problemlər var. - Bizim “Energetik”in də sponsor yoxdur. Sponsorumuz olmasa da, Region liqasında 1/4 finala kimi gəlməyi bacardıq. Premyer-liqada çıxış edən komandaların azarkeşlərinin sayı həmin o sponsoru olmayan bölgə komandalarının azarkeşlərinin sayından azdı. Sizin vasitənizlə bizim fanklubun rəhbərinə, başqa işlərlə məşğul olub bizə də sevgi ilə azarkeşlik edən bütün dostlarımıza təşəkkürümü bildirirəm. Cəlilabaddakı oyunda azarkeşlərimiz rəqibin 2 min fanatının səsini batırmışdı. Sponsorsuz olsaq belə, azarkeşlərimiz bizə böyük motivatsiya verirlər.
ŞAİR ABDULLA