“Araz-Naxçıvan” Rövşən Hüseynliyə görə Rusiya klubundan təzminat istəyib - AÇIQLAMA

29.03.2022 16:00 543
Ölkə futbolu
Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın qapıçısı Rövşən Hüseynlinin karyerasını Rusiyada davam etdirəcəyindən xəbəriniz var.


31 yaşlı qolkiper hazırda yerli çempionatın lideri olan “Torpedo” ilə anlaşıb. Martın 27-də yeni klubuna qoşulan Hüseynli qarşıdakı 2 ayda Nijni Novqorod təmsilçinin formasını geyinəcək.

Təcrübəli qolkiperin Rusiya klubuna transferi ilə bağlı “Football-plus.az” saytına açıqlama verən “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqov Rövşənin legioner həyatı yaşamasına sevindiyini bildirmişdi. Ancaq Mahmud bəy Hüseynliyə görə “Torpedo”nun Naxçıvan klubuna təzminat verib-verməməsi ilə bağlı bir söz deməmişdi. Onu da xatırladaq ki, qapıçıdan əvvəl millinin əsas üzvlərindən olan Rafael Vilela İspaniya “Palma”sını “Tümen”ə dəyişmişdi. Bu keçidə görə ruslar ispanlara 150 min avro təzminat ödəmişdi.

Rövşənin Rusiyaya yollanmasında vasitəçi olan “Araz-Naxçıvan”ın idman direktoru Marat Salyanski ilə əlaqə saxlayıb “çərçivə qoruyucusu”na görə “Torpedo”nun təzminat ödəyib-ödəməməsi ilə maraqlandıq. Marat bəy “Football-plus.az” saytına bunları söylədi:

“Torpedo” rəhbərliyi Rövşənlə maraqlananda onlarla təzminat məsələsi barədə söhbətimiz oldu. Ancaq qarşı tərəf Rusiyada hazırda müəyyən iqtisadi çətinliklərin yarandığını, klubların maliyyələşməsində sıxıntılar olduğunu bildirib, keçidə görə təzminat ödəyə bilməyəcəklərini bildirdi. Belədə karyerasını nəzərə alıb onun Rusiya superliqasında çempionluğa oynayan komandaya keçidinə şərait yaratdıq. Bu transfer milli üçün də yaxşıdı. “Araz-Naxçıvan” mövsüm ərzində ildə iki dəfə gərgin oyuna çıxırsa, Rusiyada belə qarşılaşmaların sayı daha çoxdu. Azərbaycanın yüksək dəstəsi ilə Rusiya superliqasının səviyyəsini müqayisə etməyə dəyməz. Rusiya çempionatı Avropada ilk pillələrdə yer alır. Müqavilə hələ ki, 2 ay üçün nəzərdə tutulub. Rövşənin çıxışı qənaətbəxş olacağı təqdirdə anlaşmanın müddəti bitəndən sonra qarşı tərəflə yenidən danışıqlar masasına əyləşə bilərik”.


“Araz-Naxçıvan”ın idman direktoru milli üzvünün Rusiyada debüt edəcəyi tarixi də açıqladı:

“Əslində Rövşən yeni komandasının heyətində aprelin 2-də ilk oyuna çıxmalıydı. Sadəcə, “Samara” klubu maliyyə problemləri səbəbindən fəaliyyətini dayanırdığından Hüseynlinin debütü aprelin 12-də keçiriləcək “Sinara” ilə matçda baş tutmalıdı”.


RƏŞAD