Onun “Torpedo”ya transferində vasitəçilik edən “Araz Naxçıvan”ın idman direktoru Marat Salyanski qolkperin “Sinara” ilə matçda yeni komandasında debüt edəcəyini bildirsə də, bu baş tutmayıb və Nijni Novqorod təmsilçisi rəqibinə 5:8 hesabı ilə uduzub. Yığma üzvünün adı heç görüşün sifariş ərizəsinə də salınmayıb. Söylənilənlərə inansaq, Rövşən sənədləri qaydasında olmadığından “Sinara” ilə oyunda iştirak edə blməyib.
Məsələyə aydınlıq gətirmək üçün yenidən Salyanski ilə əlaqə saxladıq. “Araz Naxçıvan”ın idman direktoru “Football-plus.az” saytına bunları söylədi:
“Biz tərəfdən hansısa problem yoxdu. Transfer üçün lazım olan sənədləri “Torpedo”ya göndərmişik. Rövşənin debütünün gecikməsi sırf klubla federasiya arasında yaşanan anlaşılmazlıqdan qaynaqlanır. Ancaq “Torpedo”nun prezidenti yaxın günlərdə problemin həll olunacağını bildirib. Rövşənə deyilib ki, sən bizə daha çox pley-off matçlarında lazımsan. Fikrimcə, narahatlığa heç bir əsas yoxdu. Hüseynli tezliklə Nijni Novqorod klubunda oyuna çıxacaq”.
Qeyd edək ki, “Torpedo” hazırda çempionatda ikinci pillədə qərarlaşıb və pley-offa vəsiqəni təmin edib.
RƏŞAD






