Konfrans Liqasının qrup mərhələsi arxada qaldı.
“Qarabağ” azarkeşləri ən azı fevrala qədər həyəcanlı olacaq. Nəinki 1/16 final, hətta 1/8 final və sonrakı mərhələlər üçün də xəyallar quracaqlar. Məhz bu məqamda komandanın cari avrokubok mövsümündə keçdiyi yola nəzər salmaq istəyirəm.
İlk növbədə onu etiraf edək ki, futbolumuzun daimi uğursuzluqları fonunda “Qarabağ”ın uğuru, ardıcıl 8-ci il qrupda mübarizə aparması möhtəşəm görünür, komanda istər-istəməz önə çıxır. Eybəcərlikdə gözəllik axtarmaq çətindi. Amma "Qarabağ" bizim üçün o gözəllik oldu, Çempionlar Liqasının tükürpədən himnini Bakıda səsləndirdi. Buna qədər 7 il qruplara qalan ağdamlılar bu il ilk dəfə keçirilən Konfrans Liqasında da hədəfinə çatdı.
Bu yolda ilk rəqib "Aşdod" oldu. Bakıda hesab açılmasa da, İsraildə Ozobiçin yeganə qolu ilə qalib gələn “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı. Növbəti rəqib Cənubi Kipr AEL-i idi. Səfərdən 1:1 ilə qayıtdıq. Hesabda geri düşən təmsilçimizi 90+3-cü dəqiqədə Zubir sevindirdi. “Qarabağ”a yeni ad qoyduq - “son dəqiqələrin komandası”. Oyunun sonunda rəqib azarkeşlər “Qarabağ”ın texniki zonasına qarşı təxribatçı hərəkətlər etdilər. Cavab görüşü Bakıda olacaqdı, deməli, bütün pisliklərin cavabı qələbə ilə verilməliydi. Bəli, cavab görüşündə Ağdam klubunun azarkeşləri istər pankartlar, marşlar, istərsə də şüarlar ilə rəqibi gəldiyinə peşman etdi. Hər şey var idi, bircə qol çatmırdı. Meydanın özünə aid hissəsində lövbər salan rəqibin qapısına yol tapmaq çətin idi “Qarabağ” üçün. Azarkeşlər ayaqüstə idi. Komanda yenə son anlarda - 87-ci dəqiqədə Kadinin zərbəsi ilə toru sirkələdi. Stadion coşdu. Görüşü qələbə ilə bitirdik. Qrupa düşmək yolunda yeganə sədd qalmışdı - Şotlandiya “Aberdin”i. Amma komandamız üçün keçilməz rəqib deyildi. Evdə minimal hesabla qalib gələn ağdamlılar səfərdə də 3:1 hesablı qələbə qazandı və qrupa düşməyi bacardı. Yeganə məyusedici məqam UEFA-nın ot örtüyü düzələnə qədər “Tofiq Bəhramov”da oyun keçirilməsinə qoyduğu qadağa idi.
Püşk “Qarabağ”ın bəxtinə "Bazel", "Kayrat" və "Omoniya"nı çıxardı. İlk sınaq BOS-da 17 min azarkeşin önündə "Bazel"lə oyun oldu. Hesab açılmadı, amma Ramil Şeydayevin 90+3-cü dəqiqədə topu üç metrdən qapıçının üstünə vurması illərboyu unudulmayacaq. Növbədə Cənubi Kipr səfəri var idi. Futbolumuzun yaralı nöqtələrindən biri standart vəziyyətlərdəki acizlikdi. İlk qolu da qapımızda belə gördük. Lakin "köhlən atlar" Kipr yunanlarını darmadağın etdi – 4:1. Növbəti görüşə ölkəmizdə böyük maraq var idi. Biletlər satışa çıxandan iki gün sonra artıq bitmişdi. "Kayrat"ı doğma meydanda sınağa çəkəcək "Qarabağ" həm də biraylıq fasilədən sonra "Tofiq Bəhramov"a dönmüşdü. Yenə ilk qolu “Qarabağ” buraxdı. Fanatların rəqibi vahiməyə saldığını görmək çətin deyildi. Yaxşı ki “Kayrat”ın erməni yarımmüdafiəçisi Kamo Ohanesyan Bakıya gəlməmişdi, yoxsa belə təzyiqdən dəli olardı. Bu dəfə stadionda bir dəqiqə də susmadı. Ramil "Bazel"lə oyunda vura bilmədiyi qola görə borcunu qaytardı. Amma bizə 1 xal bəs etmirdi. Hər kəs “son dəqiqələrin komandası”na inanırdı. Budu, 90+2-ci dəqiqədə Abbas Hüseynov həlledici qolu vurur. Sevinclə kədəri bir arada yaşayan Abbasın o göz yaşlarını heç vaxt unutmayacağıq.
Turnirdə yolu yarılayan komandamızın növbəti səfəri Qazaxıstana idi. Almatıda kəskin soyuq hava qarşıladı futbolçularımızı. Topun belə üşüdüyü oyunda Vacinin qolu ürəyimizə istilik gətirdi. Az sonra Kante hesabı bərabərləşdirsə də, Zubirin möhtəşəm qolu hesabı müəyyənləşdirdi. Qazaxıstandakı qələbənin üzərinə “Bazel”in xal itirməsi də gəlincə H rupunda 10 xalla vahid lider olduq və futbolumuzda daha bir tarix yazıldı. “Qarabağ” qrupdan çıxdı. Növbəti sınaq evdə “Omoniya” ilə oldu. Azarkeşlərin dəstəyi fonunda çatışmayan yenə qol idi. Qol oldu, amma bizim qapıya. İkinci qolu da rəqib vurdu, bu dəfə öz qapısına. Ümidi ölməyən azarkeşlərimizi yenə son dəqiqələrdə Patrik sevindirdi. Fanatlar susmurdu. Qolun sevincini yaşayıb bitirməmiş, 17 min insan sükuta qərq oldu. Şahruddinin önə çıxdığını görən Jordi 52 metrdən baxımlı qola imza atdı. Bununla da qrup birinciliyinin taleyi son oyuna qaldı. “Bazel”lə birgə 11 xala malik komandamız yalnız qol sayına görə rəqibdən geri qalmaqla ikinci idi.
O gün yetişdi. Soyuq hava qarşıladı yenə oyunçularımızı. Böyük ümid və inam var idi onlara. Azsaylı azarkeşlərin səsi o soyuqda isti nəfəs idi futbolçular üçün. Görüşə üstün başlayan “Qarabağ”ın qolunun qoxusu gəlirdi artıq. Və o qol gəldi, sadəcə, xorvat hakim qapı xəttini 1 metr keçən topu “görmədi”. Komandada ruh düşkünlüyünün yarandığını görmək çətin deyildi. Nə qədər qol vəziyyəti yaratsaq da, Linder keçilməz qala oldu. Sonuc bəllidi – 0:3. Bu il Avropada ilk məğlubiyyətini alan komanda qrupu 2-ci pillədə bitirdi və Avropa Liqasından gələn rəqibinin adının açıqlanmasını gözləyir. İnanırıq ki, bazar ertəsi torbadan bizim üçün uğurlu şar çıxar…
GÜNAY VƏLİYEVA