Rövnəq Abdullayevə yaxın kluba qarşı təxribat edən kimdi?
Bu şəkli bəndəniz srağagün axşam Bayılda, “20-ci sahə”nin dairəsi adlanan yerdə çəkib. Telefona kontur yükləyəndən sonra adətim üzrə qəbzi zibil qabına atmaq istəyirdim ki, gözüm Elvin Yunuszadənin şəklinə sataşdı. Çaşıb qaldım, əvvəlcə elə düşündüm ki, bu zibil qabı deyil, gecənin qaranlığında gözüm alacalanıb. Telefonun işığını yandırıb, diqqətlə baxanda nə görsəm, yaxşıdı: bu ki “Səbail”in “Qarabağ”la sentyabrın 1-də keçirilən oyununun afişasıdı!
Bu hərəkəti necə əsaslandırmaq olar, hansı məntiqi don geydirmək olar – indi siz özünüz fikirləşin. Zibil qabıdısa, deməli, gələn-gedənin ona təpik vurması, içinə hər şey atması mümkündü. Digər tərəfdən, bu hərəkət afişadakı futbolçuya, yəni Elvin Yunuszadəyə və klubun dəyərlərinə hörmətsizlikdən başqa bir şey deyil.
Rövnəq Abdullayev sağ olsun, qardaşı oğlunun futbol klubu yaratmasına xeyir-dua verib, faktiki eyni adamlar həm “Səbail”də, həm AFFA-da, həm də yeri gələndə “CBC Sport”da çalışırlar. Adamların işsizlikdən əziyyət çəkdiyi zəmanəmizdə üç yerdən pul qazanırlar, ailə-uşaq saxlayırlar. Halal xoşları olsun, amma heç olmasa, Rövnəq müəllimə belə hörmətsizlik etməsinlər! Şəxsən mən “Səbail”də çalışanların, gündəlik icra fəaliyyəti ilə məşğul olan adamların afişanı zibil qabına yapışdırmasına təxribatdan başqa ad verə bilmərəm. Özü də Törə xanımın bir qədər aşağıda oxuyacağınız iddiasının əksinə, afişa bura başqa yerdən çıxarılıb gətirilməmişdi, məhz elə zibil qabına yapışdırılmışdı. Maraq üçün ona əlimi də vurdum, möhkəm yapışdırıldığını gördüm, sadəcə, afişanın sağ yuxarı küncü azca cırılmışdı ki, oranı də səliqəyə salmağa çalışdım.
Çox güman, “Səbail”də çalışan dostlar yenə məni həmkarlıq prinsiplərinə sadiq qalmamaqda, nə bilim vətənə xəyanətdə, erməni kəşfiyyatı üçün casusluqda və bəzi başqa dövləti cinayətlərdə suçlayacaqlar. Amma əziz dostlar, bilin ki, ən böyük cinayət bax budu: işlədiyin, çörək qazandığın yerə tüpürmək, hörmət qoymamaq, klubun afişasını zibil qabına yapışdırıb, gələn-gedən üçün ayaqaltı etmək! Bu mənada, təbii ki, prinsiplərimiz fərqlidi, mən sizlə həmkar deyiləm. Nə dünən, nə bu gün, nə də heç vaxt!
Jurnalistika prinsipləri həm də suçlanan tərəfin cavab haqqını tanıyır, odu ki, “20-ci sahə”də üzləşdiyim mənzərəyə izahat almaq üçün “Səbail”in mətbuat xidmətinin rəhbəri Törə Əhmədovaya da müraciət etdim: “Oyunqabağı reklam xarakterli afişalarımızı könüllülərimiz yapışdırır. Dünən məlumatım var idi bu şəkildən. O afişaya baxsaz, görünür ki, kimsə onu kənar yerdən çıxarıb, gətirib ora yapışdırıb”.
MAHİR