AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ”ı təbrik edib. O, Ağdam təmsilçisinin növbəti dəfə Avropa Liqasının qrupuna yüksəlməsi ilə bağlı assosiasiyanın saytına fikirlərini bildirib: “Dünən Respublika stadionunda Azərbaycan futbolu üçün daha bir sevindirici hadisənin şahidi olduq. “Qarabağ” Avroliqanın qrupuna vəsiqə əldə etdi. Ağdam təmsilçisi artıq 4-cü dəfədi ki, bu nüfuzlu turnirin qrupunda oynamaq hüququ qazanır. Bu tarixi nəticə, “Şerif” üzərində qazanılan inamlı qələbə münasibətilə “Qarabağ” rəhbərliyini, məqşçi-inzibati heyətini, futbolçularını və əlbəttə ki, möhtəşəm dəstəyi ilə hər zaman komandanın yanında olan, qələbəyə səsləyən azarkeşləri təbrik edirəm. Avroliqanın cari mövsümünə Bakıda yekun vurulacaq. 2019-cu il mayın 29-da turnirin final qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Turnirdə iştirak edən digər komandalar kimi, “Qarabağ” da Avroliqanın Bakıda keçiriləcək final oyununa yüksəlmək şansına malikdi. Heç şübhəsiz, bu, ölkəmizdəki hər bir futbolsevərin arzusudu. Arzumuzun həyata keçməsinə ümidlə ölkəmizin futbol ictimaiyyəti adından “Qarabağ”a qarşıdakı Avroliqa oyunlarında uğurlar arzulayır, bu turnirdə keçirəcəyi matçların sayının çox olmasını arzu edirəm”.