Turun açılış oyununda “Qalatasaray” Adanaya səfər etmişdi.
“Football-plus.az” xəbər verir ki, İstanbul nəhəngi son 2 mövsümdə bu şəhərdə qələbə bir yana, hətta qol da vura bilməmişdi. Amma bu dəfə Şahruddin və komandası “Cim-Bom”a yalnız bir hissə müqavimət göstərə bildi. 2-ci hissədə həlledici məqamlarda Şahruddindən fərqli Muslera komandasını xilas etməyi bacardı. Okan Burukun komandası fasilədən sonra 3 qol vurmaqla növbəti qələbəsini qazandı. Muslera bu mövsüm superliqada 17-ci dəfə qapısını toxunulmaz saxlamaqla şəxsi rekordunu yenilədi. O, ötən mövsüm və 2011/12-də 16 “quru oyun” keçirmişdi. Ən əsası “Qalatasaray” xalını 93-ə çatdırmaqla həm öz tarixinin rekordunu yenilədi, həm də “Fənərbaxça”ya məxsus olan turnirin tarixinin rekordunu təkrarladı!
Avrokuboklara vəsiqə uğrunda mübarizə də qızışır. Şənbə günü “Kasımpaşa” “Samsunspor”u, “Sivasspor” isə “Konyaspor”u 1 qolla məğlub etdi. Manay “Sivasspor” tarixində bir mövsümdə superliqada 18 qol həddinə çatan ilk futbolçu oldu! “Hatayspor”dan üstün olan “İstanbul BŞ” 4-cü pilləyə yüksəldi. Halbuki komanda 4-cü turdan sonra sonuncu pillədə idi! Yığmamızın üzvü Renat Dadaşov 5 aylıq susqunluğa son qoyaraq Türkiyə çempionatında 5-ci qolunu vurdu. Amma onun qolu “Hatayspor”a xal qazandırmadı. Turun mərkəzi oyununda “Fənərbaxça” “Beşiktaş”ı qəbul etdi. İsmayıl Kartal derbidə sürpriz edərək Cekonu ehtiyata saxladı və hücumda Batşuayiyə şans verdi. Halbuki komandanın kapitanı olan Ceko buna qədər superliqada iştirak etdiyi 32 oyunun hamısında start heyətində meydana çıxmışdı. “Fənər” əla azarkeş dəstəyi ilə oyuna inamlı başlasa da, erkən qol vurmaq planı baş tutmadı. 20 dəqiqə tamam olmamış Kartal iki məcburi əvəzetməyə əl atdı. İsmayıl Yüksək ağır zədə alaraq tək oyunu yox, həm də mövsümü erkən başa vurdu. Onun yerinə Kruniç meydana çıxdı. Legioner limitini pozmamaq üçün Kartal həmin məqamda Bekaonu da Çağlarla əvəzləməli oldu. 25-ci dəqiqədə oyunun axarına təsir edən olay yaşandı. “Beşiktaş” tarixinin ən bahalı oyunçusu statusunda olan Əl-Musrati hələ ki derbidlərdə yalnız fiasko yaşayır. “Qalatasaray”la derbidə avtoqol müəllifi olan liviyalı yarımmüdafiəçi bu dəfə Fredə qarşı qəddar bir hərəkətə yol verərək birbaşa qırmızı vərəqə aldı! Qonaqlar üçün pis xəbərlər bununla bitmədi. Yarım saatın tamamında Batşuayi Tadiçin ötürməsindən sonra hesabı açdı. Maraqlıdı ki, o, bu rəqabətin tarixində qol vuran ilk belçikalı futbolçu oldu. Qonaqlar fasilədən sonra nisbətən fəallaşdılar. Mulekanın yaxın məsafədən baş zərbəsini Livakoviç dəf etdi. Növbəti qolu yenə meydan sahibləri vurdu. 69-cu dəqiqədə yaxşı təşkil olunan hücum zamanı Şimanskinin ötürməsindən sonra fərqlənən İrfan Can Kahveci bu mövsüm bütün turnirləri nəzərə almaqla 18-ci qolunu vurdu. Düzdü, ötən mövsüm də “Beşiktaş” Kadıköydə azlıqda qalmış və sonradan 4 qol vuraraq tarixi qələbə qazanmışdı. Amma bu dəfə komandanın gücü yalnız təsəlli qolunu vurmağa çatdı. 82-ci dəqiqədə təcrübəli Cenk Tosun derbidə yekun nəticəni müəyyənləşdirdi. “Fənər” 2014/15-dən bəri ilk dəfə “Beşiktaş”ı mövsümün hər iki oyununda məğlub etməyi bacardı. Maraqlıdı ki, o vaxt da kadıköylülərin başında eynilə indiki kimi İsmayıl Kartal dayanmışdı. Bu məşqçi, ümumiyyətlə, “Fənər”lə “Beşiktaş”a qarşı keçirdiyi 5-ci derbidə də məğlub olmadı (4 qələbə, 1 heç-heçə). “Beşiktaş” bu mövsüm əzəli rəqiblərinə qarşı 4 oyunun hamısına fərqli məşçi ilə çıxdı və hamısında da məğlub oldu. Ən əsası komanda bu mövsüm 13-cü dəfə uduzmaqla şəxsi antirekordunu yenilədi!
Məhsuldar keçən bazar günündə geridönüşlər diqqət çəkdi. “Alanyaspor” “İstanbulspor”u 6 qolla darmadaağın edərək elitada özünün ən böyükhesablı qələbə rekordunu təkrarladı. “Kayserispor” “Pendikspor” səfərində geridən gələrək hesabına 3 xal yazdısa, “Ankaragücü” Rizə səfərində 2 topluq geriliyi aradan qaldırmağa müvəffəq oldu. Bu baxımdan ən çox “Trabzonspor” fərqləndi. Abdulla Avcının komandası autsayderlərdən olan “Qaziantep”lə ev oyununda fasiləyə 0:2 ilə yollandı. Amma Trabzon təmsilçisi ikinci hissədə 18 dəqiqəyə 4 qol sığışdırdı! Qaradənizlilər sonuncu dəfə 2022-nin mayında “Kayserispor”la oyunda fasiləyə 0:2 ilə yollandıqları halda qələbə qazanmağı bacarmışdılar. Ən yaxın rəqibi ilə xal fərqini 6-ya çatdıran “Trabzonspor”, çətin ki, bundan sonra 3-cü pilləni əldən versin.
34-cü tur
Fənərbaxça – Beşiktaş 2:1
Batşuayi, 30. İrfan Can Kahveci, 69 – Cenk Tosun, 82.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel, Bekao (Çağlar Söyüncü, 19), Ciku, Fərdi Kadıoğlu, İsmayıl Yüksək (Kruniç, 19), Fred, İrfan Can Kahveci, Şimanski (Mərt Hakan Yandaş, 88), Tadiç, Batşuayi (Ceko, 74).
Beşiktaş: Mərt Günok, Nəcip Uysal, Uorrall, Kolli, Masuaku, Əl-Musrati, Fernandeş, Raşitsa (Gezzal, 46), Muçi (Oksleyd-Çemberleyn, 62), Semih Kılıçsoy (Cenk Tosun, 78), Muleka.
Adana Dəmirspor – Qalatasaray 0:3
Ziyeş, 53. Kərəm Dəmirbay, 64. İkardi, 90+1.
Adana Dəmirspor: Şahruddin Məhəmmədəliyev, Atal, Qravilyon, Semih Gülər (Manev, 11), Məhəmmədi, Maestro, Mişu (Aliu, 65), Yusuf Barasi (Tayfun Aydoğan, 65), Mendosa, Yusuf Ərdoğan, Balotelli (Aymbetov, 85).
Qalatasaray: Muslera, Kaan Ayhan (Orye, 82), Nelsson (Sançes, 88), Əbdülkərim Bardakcı, Kön, Kərəm Dəmirbay, Torreyra (Berkan Kutlu, 82), Ziyeş (Kərəm Aktürkoğlu, 71), Mertens, Barış Alpər Yılmaz (Tete, 82), İkardi.
Trabzonspor – Qaziantep 4:2
Onuaçu, 50; 66; 68. Bardi, 65 – Soresku, 12. Draquş, 21.
Trabzonspor: Uğurcan Çakır, Menye, Mendi, Densvil, Arif Boşluk, Berat Özdəmir (Umut Günəş, 46), Bardi, Pepe (Fernandes, 74), Visça (Orşiç, 75), Funtas (Trezeqe, 46), Onuaçu (Enis Destan, 80).
Sivasspor – Konyaspor 1:0
Manay, 86.
Çaykur Rizəspor – Ankaragücü 2:2
Qaiç, 25. Olavoyin, 32 – Bayiç, 56. Rodriges, 90+9.
Hatayspor – İstanbul BŞ 1:2
Renat Dadaşov, 73 – Pyontek, 5. Kemen, 69.
Kasımpaşa – Samsunspor 1:0
Aytac Kara, 3.
Pendikspor – Kayserispor 1:2
N`Diaye, 7 – Boa Morte, 45+2. Burabia, 56.
Alanyaspor – İstanbulspor 6:0
Oğuz Aydın, 2; 90+3. Janvye, 8; 28. Balkovets, 55. Əhməd Hassan, 67.
Fatih Karagümrük – Antalyaspor 4:1
Yalçın, 36. Markao, 64. Kələş, 81. Paoletti, 90+1 – Larsson, 79.
1. Qalatasaray 34 30 3 1 80-21 93
2. Fənərbaxça 34 28 5 1 89-31 89
3. Trabzonspor 34 18 4 12 60-45 58
4. İstanbul BŞ 34 15 7 12 46-39 52
5. Beşiktaş 34 15 6 13 45-50 51
6. Kasımpaşa 34 14 7 13 56-59 49
7. Çaykur Rizəspor 34 14 7 13 45-51 49
8. Alanyaspor 34 12 12 10 49-46 48
9. Sivasspor 34 12 12 10 41-45 48
10. Antalyaspor 34 11 12 11 39-42 45
11. Adana Dəmirspor 34 9 14 11 49-47 41
12. Kayserispor (-3) 34 11 10 13 39-48 40
13. Samsunspor 34 10 9 15 37-44 39
14. Ankaragücü 34 8 14 12 42-45 38
15. Fatih Karagümrük 34 9 9 16 41-43 36
16. Konyaspor 34 8 12 14 34-48 36
17. Qaziantep 34 9 7 18 39-54 34
18. Hatayspor 34 7 12 15 38-48 33
19. Pendikspor 34 7 9 18 38-70 30
20. İstanbulspor (-3) 34 4 7 23 26-67 16
Bombardirlər: İkardi (Qalatasaray) – 21, Ceko (Fənərbaxça) – 20, Manay (Sivasspor) – 18.
Növbəti turun oyunları mayın 3-6-sı aralığında keçiriləcək: Qaziantep – Hatayspor, Antalyaspor – Pendikspor, İstanbul BŞ – Kasımpaşa, İstanbulspor – Adana Dəmirspor, Kayserispor – Fatih Karagümrük, Samsunspor – Trabzonspor, Ankaragücü – Alanyaspor, Konyaspor – Fənərbaxça, Qalatasaray – Sivasspor, Beşiktaş – Çaykur Rizəspor.
Turun rəqəmi
15 – “Qalatasaray” Türkiyə futbolunda çoxsaylı rekordlarına daha birini əlavə etdi. İstanbul nəhəngi Adanada hesabına 3 xal yazmaqla Türkiyə çempionatı tarixində ardıcıl 15 oyunluq qələbə seriyası yaxalayan ilk komanda oldu! “Cim-Bom” ötən mövsüm müəyyənləşdirdiyi və özünə məxsus olan rekordu (ardıcıl 14 qələbə) yenilədi. Komanda sonuncu dəfə xal itkisi ilə yanvarın 11-də Sivas səfərində üzləşib (1:1). Növbəti turda da rəqib məhz elə “Sivasspor” olacaq.
Turun ulduzu
Pol Onuaçu (Trabzonspor) – həm gec transfer olunduğuna, həm Afrika Millətlər Kubokunda yer aldığına, həm də zədə səbəbinə görə Onuaçu bu mövsüm o qədər də çox oyun keçirməyib. Buna baxmayaraq, komandasının ən məhsuldar oyunçusudu. Nigeriyalı qoleador bu tur 18 dəqiqəyə het-trik etdi. Superliqada het-trik edən sonuncu “Trabzonspor”lu futbolçu 2020-nin yanvarında “Kasımpaşa” ilə oyunda Sörlot olmuşdu. Onuaçu bu mövsüm superliqada 18 qarşılaşmada 1320 dəqiqə meydanda olub və 12 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib. Yəni o, hər 83 dəqiqədən bir qolun vurulmasında yaxından iştirak edir. Bu, son 10 ildə “Trabzonspor”da ən azı 15 oyuna çıxmış futbolçular arasında ən yaxşı göstəricidi!
Turun sitatı
Volkan Dəmirəl, “Hatayspor”un baş məşqçisi: