Rəşad Sadıqovun debütü Albaniya ilə oyuna təsadüf edəcək
Yanvarın 9-dan etibarən Türkiyədə hazırlıqda olan 21 yaşadək futbolçulardan ibarət yığmanın düşərgəsinə daha bir futbolçu qoşulub. Rəşad Sadıqov şərəfini qoruduğu “Qarabağ”ın yarımmüdafiəçisi Nicat Süleymanovu U-21-in heyətinə dəvət edib. Bu arada yığmanın Antalyada keçirəcəyi oyunların qrafiki tam dəqiqləşib. Hazırlıq prosesində üç yoldaşlıq oyunu keçirəcək Rəşad Sadıqovun komandasının yanvarın 23-də Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə görüşəcəyi öncədən bəlli idi. Yığma ayın 21-də və 26-da da gücünü sınayacaq. Bu görüşlərdəki rəqib isə eyni komanda – Albaniya olacaq. Belə ki, məşqçilər korpusu seçmə mərhələ çərçivəsində Kosova ilə qarşılaşacaq U-21-in albanlarla görüşünü məqsədyönlü sayıb. Artıq hər üç oyunun başlama vaxtı da dəqiqləşib. Qarşılaşmaların hamısı Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.
U-19 da toplanışa başlayır
19 yaşadək futbolçulardan ibarət millinin təlim-məşq toplanışı olacaq. Daha doğrusu, yeniyetmələr bu gündən hazırlığa başlayacaq. Bakıda baş tutacaq toplanışda 21 futbolçu iştirak edəcək. Yanvarın 20-dək davam edəcək hazırlıqlara əsasən yerli klubların təmsilçiləri qatılacaq. U-19-un baş məşqçisi Vüqar Məmməd yalnız bir legioneri – Moskva “Spartak”ının ikinci komandasının üzvü Elnur İbrahimovu dəvət edib: Sərcan Ömərov, Elvin Cəfərquliyev (hər ikisi “Keşlə”), Xəqani Sadıqov, Nicat Möhbəliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Turan Vəlizadə, Tural Bayramov (hamısı “Qarabağ”), Fərid Nadirov, Rüstəm Nuriyev, Kamran Quliyev (hamısı “Qəbələ”), Nail Alışov (Neftçi), Zahid Mərdanov, Elçin Mustafayev, Kamran Məmmədov, Tolqar Yaqubov, Tahir Zeynalov, Şakir Seyidov, Emil Qasımov (hamısı “Səbail”), Elnur İbrahimov (“Spartak-2”, Moskva/Rusiya), Səbuhi Abdullazadə (Sumqayıt).