Daşkənddə keçirilən boks üzrə Dünya Kubokunun final mərhələsində millimizin daha bir üzvü uğurlu çıxış edib.
"Football-plus.az" xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan Nəbi İsgəndərov dörddəbir finalda Çexiya təmsilçisi Kelvin Sokessa ilə qarşılaşıb.
Rəqibi üzərində inamlı qələbə qazanan boksçumuz bütün hakimlərin yekdil qərarı ilə 5:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə əldə edib. Nəbi yarımfinalda rəqibi Özbəkistan təmsilçisi Abdullah Madaminov olacaq.
Ötən gün isə millimizin digər üzvü Məhəmməd Abdullayev (+90 kq) polşalı Yakub Domuradı 4:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Boksçumuzun yarımfinalda rəqibi Ermənistan təmsilçisi Davit Çaloyan olacaq.
Beləliklə, Azərbaycanı Daşkənd turnirində təmsil edən hər iki boksçu ən azı bürünc medalı təmin edib. İdmançılarımız finala vəsiqə uğrunda mübarizəni davam etdirəcəklər.
Daşkənd turniri “World Boxing”in 2026-cı il üzrə Braziliya və Çində keçirilən mərhələlərdən ibarət Dünya Kuboku seriyasının yekun yarışıdır. Hər çəki dərəcəsində səkkiz boksçu mübarizə aparır. Yarış dekabrın 3-də başa çatacaq.
Nəbi də azı bürünc medalı təmin etdi - Dünya Koboku
İdman





