''Bavariya''da xal itkiləri və zədə kabusu davam edir

29.11.2026 17:58
Dünya futbolu
Ötən mövsüm bundesliqada bir çox rekordu alt-üst edərək çempion olan ''Bavariya''nı bu mövsüm sanki lənətləyiblər. Münhen nəhəngi tək rəqiblərlə yox, həm də şanssızlıq və zədələrlə mübarizə aparır.

Bundesliqanın 11-ci turunda ''Bavariya'' səfərdə ''Hamburq''la qolsuz bərabərə qaldı. Qələbə həsrəti 3 rəsmi oyuna yüksələn komanda bu turdan sonra turnir cədvəlində 3-cü pilləyə geriləyə bilər. Ən əsası zədələr karvanına daha bir futbolçu qoşuldu. İkinci hissədə meydana çıxmasına baxmayaraq matçı tamamlaya bilməyən və oyunun sonlarına yaxın əvəzlənənən Konrad Laymer topuğundan əməliyyat olunacaq. Təcrübəli avstriyalı ən azı 3 aylığa sıradan çıxıb! Bununla da ''rekordmayster''də zədəli futbolçuların sayı 8-ə yüksəlib.

Laymerdən başqa İsmael Saybari, Serj Qnabri, Manuel Noyer, Alfonso Devis, Maykl Olise, Harri Keyn və Camal Musiala da zədəlidi. Onların böyük əksəriyyəti bu il bir daha meydana çıxa bilməyəcək.

Baş məşqçi Vensan Kompani də oktyabrda huşunu itirərək xəstəxanaya yerləşdirilmiş və təxminən 5 həftə komandanın başında yer almamışdı.