“Mezoterro oğurluğu” prosesi sürətləndi – U-21-in üzvü “İnter”lə “Yuventus”un tələsinə düşəcəkmi?

29.11.2026 19:58
Ölkə futbolu / Manşet
U-21-in üzvü Lorentso Mezzotero ilə bağlı az qala hər gün ortaya yeni iddia atılır.

Məlumdu ki, İtaliya mediasının yaydığı yazılar yalnız və yalnız futbolçunun Azərbaycan yox, İtaliya yığmasını seçməsinə xidmət edir. Bir neçə gün əvvəl hücumçunun məxsus olduğu klubun – “Sampdoriya”nın belə seçim edəcəyi təqdirdə Mezzoteroya bonuslar ödəyəcəyi dəqiqləşdi.

İndi başqaları da hadisələrin axarına yön verməyə çalışır. Belə ki, tanınmış insayder Nikolo Skira “İnter”, “Yuventus”, “Napoli”, “Fiorentina”, “Komo”, “Sassuolo” və “Montsa”nın 18 yaşlı hücumçunu diqqət mərkəzində saxladığını bildirir. Təbii ki, bu bilginin səhih olmaq ehtimalını gözardı etmirik. Azı ona görə ki, B seriyasında son 4 oyunda 4 qol vuran gənc üçün böyük qapılar açıla bilər.

Böyük ehtimalla bu mənzərə Mezzoteronun Azərbaycanla futbol əlaqələrinin aradan qalxmasına gətirib-çıxaracaq. Etiraf edək ki, nəhəng klublardan təkliflər alan, İtaliya millisinə qollarla addım-addım yaxınlaşan futbolçunun bizə bağlı qalacağını gözləmək, buna ümid etmək sadəlövhlükdü.

Bəlkə də Ayxan Abbasovun dəvətini zədə xəbəri ilə cavablayan, bununla bağlı AFFA-ya tibbi rəyin nəticəsini göndərməyən İtaliya tərəfi artıq Mezzotero ilə bağlı məsələni öz xeyrinə həll edib, geriyə yalnız faktın rəsmiləşməsi qalıb. Belədisə, Ayxan bəyin aşağıdakı cümlələrini yada salmaqdan başqa yol yoxdu:

“Azərbaycan millisində oynamaq istəməsə, bu onun öz qərarı olacaq. Milli formanı sevmək və ona dəyər vermək lazımdı, məcburiyyət olmamalıdı”.

KƏNAN BAHADIR