"Hamı bizə üç xal kimi baxır" - Azər Bağırov

29.11.2026 17:37
Ölkə futbolu / Manşet
"Şamaxı" Misli premyer-liqasının 13-cü turunda "Qəbələ"yə qalib gəldi - 2:0.

"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Neçə oyundu qələbə qazana bilmədiyimizə görə, futbolçuların üzərində böyük təzyiq var idi. Amma şükürlər olsun ki, uşaqlarda ilk dəqiqələrdən qələbə ruhunu gördüm. Yaxşı hücum qurduq, qol vurduq. Ümumilikdə istədiyimiz oyunu sərgiləyə bildik. "Qəbələ"nin yaxşı futbolçularının olduğunu bilirik. Rəqibə o imkanları vermədik və qalib gəldik. Üzərimizdən bir az da olsa, qələbəsizliyin stressi götürüldü. İrəliyə baxacağıq, "Qəbələ"yə uğurlar arzulayıram.

- Demək olar ki, Ayman Buali komandanın açar oyunçusudu?
- Bəli. Komanda şəklində oynayanda effekt verir. Onun keyfiyyətlərini bilirik, meydançada üzərinə düşən missiyası var. Daha rahat oynayanda, bacardığından da artığını edir. Bütün komanda oynadı, Buali də ən yaxşıların siyahısındadı.

- Son qələbə "Şəfa" üzərində olmuşdu. Bu uzun dövrdə pis oynamırdız, ancaq qələbə qazanmamışdız...
- Diqqətinizə çatdırım ki, "İmişli" ilə oyunun sonunda qapımıza penalti təyin edildi. Ondan sonra "Neftçi", "Sabah", "Turan Tovuz"la qarşılaşdıq. O matçlarda da baş verənləri özünüz bilirsiz. Mənim də xoşuma gələn oyunlar elə "Neftçi", "Sabah" və "Turan Tovuz"a qarşı matçlar idi. Hətta bugünkü yaddan çıxardaram, ancaq komandam "Neftçi", "Sabah" və "Turan Tovuz"la yaxşı futbol oynadı. Məğlubiyyətlərdən nəticə çıxarmalıyıq. Analizi düzgün edib, bərpamızı normallaşdırıb, qarşıya baxacağıq.

- Növbəti 4 oyununuz da evdədi. Rəqiblərdən üçü turnir cədvəlində sizdən aşağı pillələrdədi. Fürsətdən "avrokubok zonası"nda qərarlaşmaq üçün istifadə edə bilərsiz?
- Bir şeyi deyim ki, hamı bizə üç xal kimi baxır, biz isə heç kimə belə baxmırıq. Qarşımızda bir məqsəd, özümüzün düşüncələri var. Futbolçularda da bəzi komponentlər var ki, onları aşılamaq istəyirik. Sırf yer haqda düşünmürük. Gedişləri oyundan-oyuna götür-qoy edirik.