“Gəncəbasar” özünü azarkeşlərə sevindirməkdə çətinlik çəkir. Bu fikri artıq əminliklə söyləmək olar. Çünki çempionluq hədəfi olan və uğurlu nəticələrə imza atan 1-ci liqa təmsilçisi hələ də yerli tərəfdarların ürəyinə yol tapa bilməyib. İnanmırsızsa, komandanın 1-ci dövrədə Gəncə şəhər stadionunda keçirdiyi oyunlardakı tamaşaçı sayına nəzər salaq.
2-ci tur: Gəncəbasar – Xankəndi 2:1 1200 tamaşaçı
6-cı tur: Gəncəbasar – Zaqatala 7:0 250 tamaşaçı
9-cu tur: Gəncəbasar – MOİK 0:0 600 tamaşaçı
Göründüyü kimi, komandanın Gəncədəki ev oyunlarına orta hesabla 683 tamaşaçı gəlib. 4-cü turda Yevlaxda keçirilən “Gəncəbasar” – “Xankəndi” matçını isə tribunalardan cəmi 140 azarkeş izləyib.
“Gəncəbasar”ın oyunlarına marağın az olmasını anlayışla qarşılamaq isə çətindi. Ona görə ki, Gəncənin digər təmsilçisi “Kəpəz” ev oyunlarında azarkeş rekordu qırmaqla məşğuldu. Zarafat deyil, “sarı-göylər”in hər ev oyununda 10-15 min aralığında tərəfdar olur. Bu o deməkdi ki, Gəncə hələ “Gəncəbasar”ı doğma komanda kimi qəbul edə bilməyib. Səbəbi klubun bu il yaranması ilə də izah etmək olar, “Kəpəz”in uzun müddətdən sonra uğurlu mövsüm keçirməsi ilə də. Ancaq 1-ci liqa oyunları həftəiçi, premyer-liqa matçları isə həftəsonu keçirilir. Odu ki, bu maneəni aradan qaldırmaq “Gəncəbasar” üçün çətin olmamalıdı.
Görəsən, Gəncənin “Gəncəbasar”a ögey övlad münasibəti nə qədər davam edəcək?
KƏNAN BAHADIR
“Kəpəz”ə doğma, “Gəncəbasar”a ögey münasibət... – Gəncə 1-ci liqa klubunu niyə bağrına basmır?
Ölkə futbolu / Manşet





