Cənubi Amerikanın ən mötəbər klub turniri sayılan Libertadores kubokunda mövsümə yekun vuruldu.
Uruqvayın paytaxtı Montevideoda yerləşən ''Estadio Sentenario''da baş tutan finalda Braziliya təmsilçisi ''Palmeyras'' ilə Argentina təmsilçisi ''Estudiantes'' üz-üzə gəldi. 60 mindən çox azarkeşin izlədiyi qarşılaşmanın taleyini bir qol həll etdi. Paraqvaylı Ramon Sosanın 51-ci dəqiqədə vurduğu qol ''Palmeyras''a minimal hesablı qələbə qazandırdı.
Beləliklə, Braziliya nəhəngi son 7 ildə 3-cü, tarixində 4-cü dəfə Cənubi Amerikanın ən güclüsü adını qazandı. Abel Ferreyra adını klub tarixinə qızıl hərflərlə yazdırmaqda davam edir. ''Palmeyras'' 2020 və 2021-ci illərdə də LK-nı bu məşqçi ilə qazanmışdı. Ümumilikdə San Paulu təmsilçisi portuqaliyalı çalışdırıcı ilə 12-ci titulunu qazandı.
Son illərdə LK-da Braziliya təmsilçilərinin hegemonluğu diqqət çəkir. Ardıcıl 8-ci dəfə bu turniri bu ölkənin təmsilçisi qazandı. Son 10 ildə isə başqa ölkələrdən yalnız Argentina nəhəngi ''River Pleyt'' (2018) bu turniri qazanmağı bacarıb.
Qeyd edək ki, ''Palmeyras'' həm 1/4 final, həm də yarımfinal mərhələsini yalnız penaltilər seriyasında adlamışdı.
''Palmeyras'' 4-cü dəfə Cənubi Amerikanın ən güclüsü oldu
Dünya futbolu





