“Boka Xuniors” SK-da yeni rekord müəyyən etdi!

28.11.2026 16:55
Dünya futbolu
final
Atletiko Mineyro - Boka Xuniors 0:2 (0:1)

Atletiko Mineyro (Belu Orizonte, Braziliya): Everson, Natanel (Presyado, 46), Ruan, V.Fernandes, Lodi (Qustavo Skarpa, 78), Kastanyo (Kassyera, 78), Sisse (Tyaqo Borbas, 46), Paskini (İqor Qomes, 46), Fred, Koelyo, Bernard.
Boka Xuniors (Buenos Ayres, Argentina): Montero, Blanko, Errera, Di Lolyo, Losano, Delqado, Paredes (Belmonte, 58), Askasibar (Battalya, 77), Aranda (Velasko, 64), Merentyel (Valensiya, 64), Vilya (Flores, 77).
Qollar: Askasibar, 16 (0:1). Merentyel, 48 (0:2).
Vərəqələr: Ruan, 45. Bernard, 56. Belmonte, 80. Fred, 84 - sarı.
Hakim: Andres Matonte (Uruqvay).
21 noyabr. Barrankilya. 44164 tamaşaçı.

Noyabrın 21-də Cənubi Amerikanın nüfuzuna görə ikinci klub turnirində 2026-cı il mövsümünə yekun vuruldu.

Sudamerikana Kubokunun (SK) finalında Argentinanın “Boka Xuniors” və Braziliyanın “Atletiko Mineyro” komandaları qarşılaşdılar. Həlledici oyun Kolumbiyanın Barrankilya şəhərindəki “Metropolitano Roberto Melendes” stadionunda təşkil edildi.

“Boka Xuniors” finala 3-cü, “Atletiko Mineyro” 2-ci dəfə çıxmışdı. Maraqlıdı ki, “Atletiko Mineyro” bir il əvvəlki finalda Argentinanın digər klubu “Lanus”a əsas və əlavə vaxtı qolsuz sona çatan matçdan sonrakı penalti seriyasında uduzmuşdu (4:5).

Maraq üçün onu da xatırladaq ki, iki il əvvəl də finalda Argentina və Braziliya təmsilçiləri qarşılaşmış, “Rasinq” 3:1 hesabıyla “Kruzeyro”ya qalib gəlmişdi.

Bu dəfəki final bir komandanın aşkar üstünlüyü şəraitində keçdi. Bütün oyun komponentlərində üstün olan “Boka Xuniors” artıq ikinci hissənin əvvəlində iki topluq fərqlə önə keçməklə qələbə ehtimalını daha da artırdı. Argentina nəhəngi böyük hesabla da qalib gələ bilərdi. Buna isə braziliyalıların qapıçısı Everson seyvləri ilə imkan vermədi. Rodolfo Arruabarrenanın komandası inamlı qələbə ilə bu turnirdə 3-cü uğurunu qazandı.

Qeyd edək ki, finaldakı bütün cəhdləri uğurlu alınan “Boka” SK-da qələbə sayına görə rekord müəyyən etdi. “Göy-sarılar” bundan əvvəl 2004 və 2005-ci illərdə kuboka yiyələnmişdilər. Braziliya klubları isə “Atletiko Mineyro”nun simasında bu turnirdə ardıcıl 5-ci finalda məğlub oldular: ötən mövsümlərdə “Kruzeyro”, “Fortaleza” və “San Paulu” da azarkeşlərini məyus etmişdilər. Maraq üçün onu da qeyd edək ki, əsası 2002-ci ildə qoyulan SK-da iki dəfə qalib gələn komandalar “Lanus”, “İndependyente” (hər ikisi Argentina), “LDU Kito”, “İndependyente del Valye” (hər ikisi Ekvador) və “Atletiko Paranaense”di (Braziliya).

Bu dəfəki qalib “Boka Xuniors”un gələn mövsüm Argentinanı Libertadores Kubokunda təmsil etmək hüququ qazandığını da əlavə edək.

Bombardirlər: S.Rodriges (Montevideo Siti) - 7, Qabriel Barboza (Santos) - 6.