“Nəticəni hər kəs görəcək” - “Turan Tovuz”un fanklubları “Kəpəz” üçün sürpriz hazırlayıb

28.11.2026 13:55
Ölkə futbolu / Manşet
“Turan Tovuz” bu mövsüm ev oyunlarına ən çox azarkeş cəlb edən komandalar sırasındadı. “Bozqurd” hazırda 2-ci pillədə qərarlaşan “Sabah”la eyni xala malik olsa da, top fərqinə görə 3-cü pillədədi. Qərb təmsilçisi indiyədək iddialı rəqibləri ilə qarşılaşmalarda məğlubiyyət üzü görməyib.

13-cü turda isə Tovuz klubunu prinsipial rəqib gözləyir. Söhbət bu mövsümün azarkeş rekordunu əlində saxlayan “Kəpəz”dən gedir. Ötən dövrənin 3-cü turunda Gəncədə keçirilən qarşılaşmanı 13 min 500 azarkeş stadiondan izləyib. Meydan sahibləri tribunaların möhtəşəm dəstəyindən güc alaraq 1:0 hesablı qələbəyə seviniblər.

İndi isə komandalar Tovuzda – 6480 yerlik stadionda üz-üzə gələcəklər. Meydan sahibləri üçün bu qarşılaşma təkcə növbəti 3 xal uğrunda mübarizə deyil. Səfərdəki məğlubiyyətin əvəzini çıxmaq, həm də doğma meydanda azarkeşlərə qələbə sevinci yaşatmaq istəyən “Turan Tovuz”un qarşısında ciddi sınaq var.

Bəs Qərb derbisində tovuzlular stadionu dolduraraq komandalarını qisasa səsləyə biləcəklərmi? “Bozqurd”un azarkeşləri bu prinsipial qarşılaşmaya necə hazırlaşırlar?

“Football-plus.az” bu suallara cavab tapmaq üçün “Turan Tovuz”un hər iki fanklubu ilə əlaqə saxlayıb.

“The Hunans”ın idarə heyətinin üzvü Nicat Cəfərzadə:
“Əlbəttə, stadionun dolmasını istəyirik və bunun üçün “The Hunans” olaraq, azarkeşlərimizi oyuna səsləyirik. “Turan Tovuz” – “Kəpəz” qarşılaşması adi çempionat oyunlarından biri deyil. Bu, Azərbaycan futbolunun ənənəsi olan Qərb derbisidi. Hər iki klubun böyük tarixi və güclü azarkeş bazası var. Vaxtilə “Turan” və “Kəpəz” ardıcıl mövsümlərdə Azərbaycan çempionu olublar və bu rəqabətin kökləri də yetərincə dərindi. Təəssüf ki, səfərdə məğlub olduq. İndi isə oyun Tovuzdadı. Üstəlik, komandamız hazırda turnir cədvəlinin ön sıralarındadı və hər xal bizim üçün çox vacibdi. Ona görə həm derbi, həm qisas, həm də turnir cədvəli baxımından bu oyunun ayrıca əhəmiyyəti var.

Tovuzun özünəməxsus, çox güclü futbol mühiti var və inanırıq ki, azarkeşlərimiz bunu şənbə günü bir daha göstərəcəklər. Əsas məqsədimiz stadionda yüksək səviyyəli, təşkilatlanmış dəstək yaratmaq və komandamıza 90 dəqiqə boyunca əlavə güc verməkdi. Bu oyun üçün xüsusi hazırlıq da görmüşük və izləyicilər oyun başlayanda bunun şahidi olacaqlar”.


“Ultras Turan” da qarşılaşmaya ciddi hazırlaşır. Qrupun rəhbəri Kamal Saqqayev:

“Bu oyun üçün böyük planlarımız var. İnşallah, stadionu dolduracağıq. 3 gün ərzində fanklub olaraq, bu görüşə hazırlıq görmüşük. Bunun nəticəsini sabah hər kəs görəcək”.

İSRAYIL XEYRULLAYEV