''Fənərbaxça''nı bu gün Çempionlar Liqasında liqa mərhələsinin 5-ci turunda səfərdə ''Şaxtyor''la oyun gözləyir.
Donetsk klubu məlum səbəblər üzündən bu mövsüm ev oyunlarını Londondakı ''Stemford Bric'' stadionunda keçirir. Turnirin tarixində ilk dəfə iki türkiyəli məşqçinin çalışdırdığı klublar üz-üzə gələcək.
"Şaxtyor''u Arda Turan, ''Fənər''i Əmrə Belözoğlu çalışdırır. Bu iki isim 2006-17-ci illərdə Türkiyə yığmasında, 2012/13-ün ilk dövrəsində isə ''Atletiko''da birlikdə top qovub. Oyun daha bir cəhətdən maraq doğurur. Məsələ burasındadı ki, İstanbul nəhəngi son 10 ildə ÇL-də ardıcıl 3 oyuna fərqli məşqçinin başçılığı altında çıxan ilk kollektiv olacaq!
Komanda 3-cü turda ''Slaviya'' ilə oyuna (2:2) İsmayıl Kartalın, 4-cü turda ''Liverpul'' ilə oyuna (3:2) müvəqqəti məşqçi Dirk Kuytun başçılığı altında çıxmışdı. İndi də ehtiyat zonada Belözoğlu yer alacaq.
ÇL-də sonuncu dəfə ardıcıl 3 oyuna fərqli məşqçilərlə çıxan komanda 2016-cı ildə Zaqreb ''Dinamo''su olmuşdu. Xorvatiya təmsilçisi həmin il sentyabrın 14-də ''Lion'' ilə oyuna (0:3) Zlatko Krançar, sentyabrın 27-də ''Yuventus''la oyuna (0:4) müvəqqəti məşqçi Zelko Sopiç, oktyabrın 18-də ''Sevilya'' ilə oyuna (0:1) isə İvaylo Petevin başçılığı altında çıxmışdı.
''Fənərbaxça'' 10 ildən sonra ÇL-də ilkə imza atacaq
Dünya futbolu




