Bu gün Azərbaycan futbolu üçün xüsusi günlərdən biridi. “Sabah” tarixində ilk dəfə “Barselona” kimi dünya nəhənginə qarşı meydana çıxacaq. Futbolsevərlər bu qarşılaşmanı böyük maraqla gözləyir. Kataloniya təmsilçisinin ölkəmizdə yetərincə böyük azarkeş kütləsinin olması da oyunətrafı atmosferə əlavə rəng qatır.
Oyun biletlərinin 74 ölkədən olan şəxslər tərəfindən alınması, Bakıya onlarla əcnəbi jurnalistin gəlməsi də marağın göstəricisidi. Bu axşam Bakıda “Sabah”ın tarixi sınağının, həm də “Barsa” azarkeşlərinin yaratdığı futbol ab-havasının şahidi olacağıq.
Atmosfer baxımından diqqətçəkən məqamlardan biri də bilet satışıdı. Bu gün açıqlanan son məlumata görə, 66 min bilet satılıb. Nəhəng Bakı Olimpiya Stadionunda ciddi azarkeş izdihamı gözlənilir.
Bəs hava? Başlama saatında, yəni 21.45-də +9 dərəcə proqnozlaşdırılır. Hazırda yağan yağışın davam etməsi ehtimalı 58 faizə bərabərdi. Bakıda bu gün hava soyuq və küləkli olacaq. Gün ərzində yağıntı gözlənilir, axşam saatlarında da yağışın davam etməsi ehtimalı var. Küləyin sürətinin bəzi saatlarda 65 km/saata qədər güclənəcəyi proqnozlaşdırılır. Bu isə həm tribunadakı azarkeşlər, həm də futbolçular üçün əlavə çətinlik yarada bilər.
İSRAYIL XEYRULLAYEV
66 min bilet, +9 dərəcə, sürəti saatda 65 km olan külək… - futbol bayramı alınacaqmı?
Avrokuboklar / Manşet





