Mudrik prezident Şevçenkonu ifşa etdi

24.11.2026 21:27
Dünya futbolu
Bilindiyi kimi, Mixail Mudrik orqanizmində yasaqlı maddə aşkarlandığı üçün müəyyən müddətdə yaşıl meydanlardan kənarda qalıb. Ukrayna yığmasının futbolçusu ilə bu ölkənin futbol qurumunun rəhbərliyi arasında ciddi qarşıdurma yaranıb.

"Football-plus.az" xəbər verir ki, meldoniumdan istifadəyə görə 2024-cü ilin noyabrından bu ilin iyulunadək futboldan uzaqlaşdırılan Mixail bu maddənin orqanizminə yalnız ölkəsində düşə biləcəyini iddia edir. O, dopinq qalmaqalı ilə bağlı Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenkonun açıqlamalarını təkzib edib.

“Goal” nəşrinin məlumatına görə, “Çelsi”yə məxsus olan və hazırda icarə əsasında “Tottenhem”də çıxış edən futbolçu qurumu araşdırmanı yanlış istiqamətə yönəltməkdə və mühüm məlumatları gizlətməkdə ittiham edib.

Şevçenko isə bir müddət əvvəl Mudrikin nümayəndələrinin federasiyanın əməkdaşlarından məsuliyyəti öz üzərinə götürmələrini istədiklərini bildirmiş və futbolçudan üzrxahlıq tələb etmişdi. Mixail bunun yalan və əlində iddialarını təsdiqləyən yazışmaların olduğunu deyib. Futbolçu qadağan olunmuş maddənin milli komandanın düşərgəsində orqanizminə daxil edildiyini bu cümlələrlə ifadə edib:

“Bu, yalnız Şərqi Avropada əldə edilə bilən dərmandı. O, bədənimə yalnız Ukraynada daxil ola bilərdi. İngiltərədə belə bir dərman yoxdu. Mən o vaxtlar Ukraynaya yalnız milli komandanın oyunları üçün səfər edirdim. Yığmanın düşərgəsində olarkən meldoniumun orqanizmimə nə qədər yolla daxil ola biləcəyini ifadə etmək üçün iki əlin barmaqları da kifayət etməz. Ukrayna yığmasında klub və milli komandalarda olduğu kimi heç bir təhlükəsizlik sistemi yoxdu. Yığmamızın diyetoloqu var. O, oyunlardan əvvəl bizə həb vermir, amma hər iki gündən bir bizə içmək üçün bir stəkan içki gətirir”.

Mixail “Çelsi”yə 2023-cü ildə “Şaxtyor”dan keçib. İngiltərə klubu onun üçün 70 milyon avro təzminat və əlavə 30 milyon avro bonus ödəyib. Mudrik bu göstəricilərlə Ukrayna futbolunun tarixinə ən bahalı transfer kimi düşüb. Əvvəlki rekord isə “Mançester Yunayted”in 2018-ci ildə “Şaxtyor”a 59 milyon avro ödədiyi braziliyalı Fredə məxsus idi.