“Projektorların quraşdırılması ümumi maddi gücümüzə təsirsiz ötüşməyəcək” – Şamaxıda da futbol axşamları olacaq!

24.11.2026 22:54
Ölkə futbolu / Manşet
Bilindiyi kimi, Şamaxı şəhər stadionunda projektor olmadığından burda oyunlar günorta saatlarında başlayır. Ancaq bu problemin başa çatacağı gün uzaqda deyil. Çünki bugünlərdə idman qurğusuna işıqlandırma sisteminin quraşdırılması üçün nəzərdə tutulan avadanlıqlar gətirilib.

Bəs proses nə vaxt başa çatacaq? Sponsoru olmayan, məhdud büdcə ilə mübarizə aparan “Şamaxı” buna görə maddi çətinliklərlə üzləşə bilərmi?

Bu suallarla “şirlər”in idman direktoru Kamran İsmayılova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Bu ilin sentyabrından bəri məsələnin həlli ilə bağlı çalışırıq. Hazırlıq işləri həyata keçirilib. Prosesin nə vaxt başa çatacağını konkret demək çətindi. Söhbət böyük layihədən gedir. Müəyyən gecikmələr, gözlənilməz problemlər ola bilər. Maliyyə məsələləri isə məxfidi. Bunu açıqlaya bilmərik. Onu deyə bilərəm ki, layihə klubun ümumi maddi gücünə təsirsiz ötüşməyəcək. Sponsorsuz klubuq. Çətinlik yarana bilər. Lakin maliyyə xərcləri əvvəldən proqnozlaşdırılıb. Qeyri-adi hadisə baş verməsə, büdcədə çökmə olmayacaq”.

KƏNAN BAHADIR