PFL projektorsuz stadionlarda oynayan klublara qadağa qoyacaqmı? – qurum rəsmisi açıqladı – qurum rəsmisi açıqladı

12.09.2026 16:00 0
Ölkə futbolu / Manşet
Xəbər verdiyimiz kimi, premyer-liqada iştirak edən komandaların ev oyunlarını projektorsuz stadionlarda keçirməsi ciddi problemə çevrilib. Ona görə ki, komandalar bu səbəbdən Peşəkar Futbol Liqasının qərarı ilə ilk 4 turda ev matçlarını səfərdə oynamalı oldu. Mövsüm ərzində isə bu cür idman qurğularında olacaq qarşılaşmalar günorta saatlarında keçiriləcək. Təəssüf ki, klublar bu çatışmazlığın həlli yolunda konkret addımlar atmaq istəmir. Nəticədə həm Yevlax, həm də Şamaxı şəhər stadionunda hələ də süni işıqlandırma sistemi yoxdu.

Bəs, PFL-nin bu məsələ ilə bağlı mövqeyi necədi? Klubların stadionlarını projektorla təchiz etməsi tövsiyə deyil, tələb kimi irəli sürülə bilərmi? Axı müvəqqəti qadağalar effekt vermir.

Bu barədə fikirlərini öyrənmək məqsədilə qurumun Media və Marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Əsasnamə ilə süni işıqlandırma sistemi olmayan stadionlarda ev oyunlarını keçirən klublara 4 oyun avtomatik ev-səfər oyunu dəyişikliyi tətbiq olunub. Hazırda 5-ci tur oynanıldığı üçün bu qadağa qüvvədən düşüb. Odu ki, klublara – “İmişli”, “Araz Naxçıvan” və “Şamaxı”ya ev oyunlarını bu turdan etibarən süni işıqlandırması olmayan stadionlarda keçirməklə bağlı əks göstəriş yoxdu”.

Görünür, PFL də məlum çatışmazlığın aradan qaldırılmasında maraqlı tərəf deyil. Odu ki, komandalar mövsümü gah günorta saatlarında, gah da ev oyunu olmasına baxmayaraq, səfərlərdə oynamaqla yola verəcəklər.

KƏNAN BAHADIR