“Tez-bazar yola verib lent kəsmək, sonradan problem yaşamaq əvəzinə...” – bu mövsüm Şamaxıda işıq yanacaq?

17.10.2026 17:20 144
Ölkə futbolu / Manşet
Premyer-liqada stadionunda süni işıqlandırma sistemi olmayan iki komandadan biri “Şamaxı”dı. Bu səbəbdən bölgə təmsilçisinin yayda keçirməli olduğu ilk dörd ev oyunu səfərdə təşkil olundu. Həmçinin həmin müddətdə PFL klublara stadionlarda proyektor quraşdırmağı tövsiyə etmişdi.

“Şamaxı” rəhbərliyi bir müddət əvvəl proyektorların quraşdırılmasının uzun çəkəcəyini açıqlamışdı. Bəs hazırda stadionda süni işıqlandırma sisteminin quraşdırılması ilə bağlı durum necədi? Komanda bu mövsüm ən azı bir ev oyununu proyektor işığı altında keçirə biləcəkmi?

“Football-plus.az” bu suallara aydınlıq gətirmək üçün “Şamaxı”nın idman direktoru Kamran İsmayılovla əlaqə saxlayıb:

“Stadiondakı projektorla bağlı işlər davam edir. Mən hələ yayda, işə başlayanda bütün mətbuata demişdim ki, bu bir günün, bir həftənin və ya bir ayın işi deyil, uzunmüddətli prosesdi. Jurnalistlər vaxtaşırı soruşurlar ki, nə oldu? Amma bu, uzun prosesdi. Konkret nə vaxt hazır olacağını deyə bilmərəm, çünki yalan danışmağı sevmirəm. Maksimum dərəcədə çalışırıq ki, imkan daxilində məsələni tez bitirək. Amma bizim üçün daha önəmlisi işi keyfiyyətli etməkdi. Tez-bazar yola verib lent kəsmək, sonradan problem yaşamaq əvəzinə bir az gec olsun, amma keyfiyyətli olsun. Soruşursuz ki, bu mövsüm süni işıqlandırma altında evdə oynayacağıq, ya yox? Əlimizdən gələni edirik ki, oynayaq. Ancaq yenə də dəqiq vaxt deyə bilmirəm. Dəqiq tarixi öyrənən kimi hamınıza, jurnalistlərə məlumat verəcəyik. İndi yalandan tarix deyib, sonra o vaxt işi bitməyəndə qarşınızda qalmamaq üçün dəqiq tarix deməyəcəyəm”.

İSRAYIL XEYRULLAYEV