Toral Rəşad Sadıqovun təklifini qəbul etmədi - Zirədən Bursaya uzanan əl niyə havada qaldı?

24.11.2026 10:52 0
Ölkə futbolu / Manşet
"Bursaspor"da çıxış edən Toral Bayramov özünü Türkiyənin 1-ci liqasında yaxşı tərəfdən göstərməkdə çətinlik çəkir. Düzdü, futbolçunun adı ilk 15 turda iştirak ərizəsindən kənarda qalmayıb. Lakin müdafiəçi bunlardan cəmi 4-də start heyətində yer alıb. 4-də əvvəldən sonadək ehtiyat oyunçular skamyasında əyləşib, qalan matçlarda isə sonradan meydana daxil olub. Ümumiyyətlə, həmvətənimiz cəmi 426 dəqiqə forma geyə bilib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Böyük ehtimalla Toral qış fasiləsində klubunu dəyişəcək. Hazırda onun hansı komandalarla danışıq apardığı bəlli olmasa da, müəyyənləşən məqamlar var. Oyunçunun "Rakuv"a keçəcəyi ilə bağlı iddialar həqiqəti əks etdirməsə də, "Zirə"dən təklif aldığı dəqiqdi. "Qartallar"ın baş məşqçisi Rəşad Sadıqov kollektivin avrokuboklara vəsiqə qazanmaq şansını artırmaq məqsədi ilə Toralı sərəncamında görmək istədiyini bildirib. Lakin futbolçu qarşı tərəfi Azərbaycana qayıtmaq istəmədiyi, legioner həyatına davam etmək niyyətində olduğu barədə məlumatlandırıb.

Xatırladaq ki, Bursa təmsilçisi bu yay Toralla üçillik müqavilə imzalayıb.

KƏNAN BAHADIR