Yaşıl timsah Toral Bayramovu yedi?! - “Bursaspor”da xəyal qırıqlığı

4.09.2026 23:52 17
Aktual / Ölkə futbolu
“Bursaspor”un böyük ümidlərlə transfer etdiyi, Türkiyə mediasının “yeni joker” kimi təqdim etdiyi Toral Bayramov gözləntiləri qarşılamır.
Əlbəttə, müdafiəçi hər matçda start heyətində oynasa, komandasının qazandığı qələbələrə töhfə versə, onun haqda bu cür düşünmərik. Təəssüf ki, həmvətənimiz Türkiyənin 1-ci liqa klubunda özünə yer tapa bilmir. O, çempionatın ilk 5 oyunundan birində əvvəldən sonadək ehtiyat oyunçular skamyasında əyləşib. Yalnız birində start heyətində meydana çıxan futbolçu qalan görüşlərdə sonradan şans qazanıb. Ümumiyyətlə, Toral hələ cəmi 129 dəqiqə meydanda olub. Halbuki “Bursaspor”un yoxlama matçlarında ilk “11-lik”də yer alan müdafiəçidən fərqli statistika gözlənilirdi.
Onun performansına nəyin təsir etdiyini bilmirik. Superliqa klubu “Eyupspor”dan gələn təklif ağlını bulandırdı, yoxsa baş məşqçi Mustafa Ər ilə münasibətləri qaydasında deyil? Sirdi. Lakin Azərbaycanın ən güclü, avrokubokların liqa mərhələsində ardıcıl 12 mövsüm çıxış edən komandasından – “Qarabağ”dan ayrılıb qardaş ölkənin 1-ci liqasına yollanırsansa, özünü ən yaxşı tərəfdən göstərməyə, adından söz etdirməyə məcbursan! Amma bu gün lider “Batman Petrolspor”dan cəmi bir xal geridə olan “Bursaspor”un uğurlarından ağızdolusu danışan jurnalistlərin, tərəfdarların dilindən Toralın adını eşitmirik. Çünki futbolçu meydana çıxdığı görüşlərdə yaxşı çıxışla yadda qalmayıb.
Bəlkə də artıq “Bursaspor” Toralla həm üçillik müqavilə imzaladığı üçün peşman olub, həm də ona illik 500 min avro ödəməyə razılıq verdiyinə görə...
KƏNAN BAHADIR