Toral toyuğunuza kiş deyib, Mustafa Ər?

16.10.2026 20:55 135
Ölkə futbolu / Manşet
Xatırlayırsızsa, Toral Bayramov millimizin heyətində Tacikistanla yoxlama oyununda qol vuranda (avtoqol sayıldı) Türkiyə mətbuatının bəzəyinə çevrilmişdi. Xüsusən Bursadan olan həmkarlarımız futbolçunun “Bursaspor”dakı taleyinin müsbət yöndə dəyişəcəyi haqda xəbərlər tirajlayırdı.

Ancaq hadisələrin axarı həm təəccüb yaratdı, həm də təəssüf. Ona görə ki, Toral millinin düşərgəsindən qayıdandan sonra iki oyun keçirən “timsahlar” yenə bizimkinin xidmətinə ehtiyac duymadı. Daha dəqiqi, cinah müdafiəçisi komandasının 9-cu turda “Mardin”ə (1:2), 10-cu turda “Muğlaspor”a (3:0) qarşı oyunlarını əvvəldən sonadək ehtiyat oyunçular skamyasından izlədi.

Ümumiyyətlə, Toral cari mövsümdə mümkün 10 matçın 7-də şans qazanıb. Bunların yalnız ikisində də start heyətində yer alan həmvətənimiz 237 dəqiqə meydanda qalıb. Görünür, bursalıların baş məşqçisi Mustafa Ər Torala etimad göstərmək niyyətindən uzaqdı. Niyəsini isə bir Allah bilir, bir də özü.

Yeri gəlmişkən, 22 xala malik “Bursaspor” artıq lider “Kayserispor”dan 3 xal geridədi.

KƏNAN BAHADIR