23 yaşlı mərkəz müdafiəçisi hazırda əla formadadı və “Fulhem” başda olmaqla Avropanın bir çox klubu tərəfindən təqib edilir. İddialara inansaq, qaradənizlilər “Fulhem”in 30 milyon avroluq təklifini geri çevirib. Komanda qış transfer dönəmində heç bir halda bu futbolçu ilə vidalaşmaq istəmir. Nvaivu, adətən, qol sevinci zamanı qol vuran futbolçunun ayağını öz dizinə qoyaraq onun butslarını təmizlədiyini göstərir. O, bu mövsüm Salah və başqa futbolçularla birlikdə bir neçə dəfə qol sevincini bu şəkildə qeyd edib.
Nvaivu bununla bağlı bunları deyib:
“Çox yaxşı heyətimiz var. Bu mövsüm yeganə hədəfimiz çempionluqdu. Başqa heç bir nəticə bizi qane etməyəcək. Qol sevincimə gəlincə, mən bunu hələ Nigeriyada oynadığım dönəmdə də edirdim. Komanda yoldaşlarım bu xasiyyətimi gözəl bilir. Bunu onların tez-tez qol vurması üçün edirəm. Bir matçda heç kimin butslarını təmizləmədikdə çox əsəbləşirəm. Ona görə də mənim əsəbləşməməyim üçün nə etmək lazım olduğunu gözəl bilirlər. Mənim butsları təmizləməyə davam etməyim üçün onlar da qollar vurmalıdı. Artıq Trabzona dönürəm. Yolüstü ayaqqabı boyası almalıyam. Çünki dönəndən sonra yenə butsları təmizləyəcəm”.
Yeri gəlmişkən, Trabzonda Məhəmməd Salahla bağlı çılğınlıq davam edir. Daha öncə misirli ulduzun Trabzonda ziyarət etdiyi çöllüyün və üzərində əyləşdiyi daşın ziyarətgaha çevrildiyini, adamların ora axın etdiyini xəbər vermişdik. Bu dəfə Trabzon şəhərinin Yomra rayonunda ünlü futbolçuya mühüm, hətta tarixi bir jest edilib. Belə ki, Yomra bələdiyyəsi burda küçələrdən birinə Salahın adını verib!
Həmin küçə daha öncə “Selvi küçəsi” adlanırdı. Xarici İşlər Nazirliyinin rəsmi razılığının ardından həmin küçə bundan sonra “Məhəmməd Salah küçəsi” adlanacaq.





