Futbol üzrə ölkə çempionatının 2-ci liqasında artıq 11 tur geridə qalıb. “Ağstafa Gəncləri” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşsa da, bombardirlər siyahısında 19 qolla məhz bu komandanın oyunçusu Elçin Qasımov başçılıq edir. Ən yaxın izləyicisi, illərin təcrübəsi Amil Yunanovu 6 top geridə qoymaqla. Bu üzdən 24 yaşlı yarımmüdafiəçi ilə söhbət etməyi lazım bildik.
- Elçin, mövsüm sənin üçün necə keçir? Mövsümdən əvvəl bombardirlər yarışında zirvədə olacağını gözləyirdinmi?
- Mövsüm mənim üçün yaxşı keçir. Açığı, mövsümə başlayanda əsas məqsədim komandama maksimum fayda vermək, hər oyunda özümü göstərmək və inkişaf etmək idi. Bombardirlər yarışında ön sıralarda olmaq sevindiricidi, amma bunu mövsümün əvvəlindən konkret gözlənti kimi yox, əziyyətimin və çalışmağımın nəticəsi kimi görürəm. Əsas olan bu çıxışı davamlı etməkdi.
- Vurduğun qolların sayının çox olması nəyin nəticəsidi? Fərdi ustalığının, yoxsa komanda yoldaşlarının yaratdığı imkanların?
- Futbol kollektiv oyundu. Təkcə fərdi ustalıqla bu nəticəni əldə etmək mümkün deyil. Baş məşqçimiz Əli Bağırovun mənə olan inamı, oyun planı, komanda yoldaşlarımın meydanda yaratdığı imkanlar bu qollarda böyük rol oynayır. Mən isə həmin imkanları dəyərləndirməyə çalışıram. Qol vurmaq mənim işimdi, amma o qola gedən yolda komandanın əməyi var.
- Bombardirlər yarışında kimi özünə əsas rəqib görürsən? Bu rəqabət sənə əlavə motivasiya verirmi?
- Rəqib kimi konkret bir futbolçunu seçmək istəməzdim. Çünki bu yarışda hər kəsin öz məqsədi və iddiası var. Amil Yunanov kimi təcrübəli, uzun illər futbolun içində olan hücumçu ilə eyni yarışda olmaq özü də mənim üçün əlavə motivasiyadı. Belə rəqabət futbolçunu daha çox çalışmağa sövq edir. Amma mən daha çox öz oyunuma, komandamın nəticələrinə və şəxsi inkişafıma fokuslanıram.
- Mövsümün sonunda neçə qola çatmağı hədəfləyirsən? Özün üçün müəyyənləşdirdiyin konkret rəqəm varmı?
- Əlbəttə, hər hücumçunun hədəfində müəyyən rəqəmlər olur. Mənim də öz hədəflərim var, amma bunu açıq şəkildə rəqəmlə ifadə etmək istəmirəm. Çünki futbol proqnozlarla yox, meydandakı çıxışla ölçülür. İstəyim mövsümün sonunda həm komanda, həm də fərdi baxımdan uğurlu nəticə əldə etməkdi.
- İndiyə qədər vurduğun qollardan ən çox hansı yadında qalıb?
- Hər qolun öz hekayəsi var, amma mənim üçün ən yaddaqalan qollar təkcə hesabı dəyişən yox, komandaya qələbə qazandıran, oyunun taleyinə təsir edən qollardı. Hücumçu üçün qol vurmaq sevincdi, amma həmin qolun komandanın uğurunda həlledici rol oynaması daha xüsusi hissdi.
- Daha öncə “Turan Tovuz”la “Şamaxı”nın formasını geymisən. İkinci liqadakı indiki çıxış daha yüksək liqalarda oynamaq baxımından inam yaradırmı?
- Əlbəttə, mümkündü. Əvvəllər premyer-liqa təcrübəsi yaşamış futbolçuyam, o səviyyənin nə tələb etdiyini müəyyən qədər bilirəm. Karyeramda müxtəlif mərhələlər olub, amma heç birini geriyə addım yox, öyrənmək və daha güclü qayıtmaq üçün təcrübə kimi qəbul edirəm. Hazırda mənim işim meydanda özümü göstərməkdi. İnanıram ki, davamlı nəticə, qollar və düzgün çalışmaq gələcəkdə daha yüksək səviyyədə oynamaq üçün qapılar açacaq.
- Sabah premyer-liqa klubundan təklif alsan, özünü həmin səviyyədə oynamağa hazır sayırsan?
- Bəli, hazır sayıram. Premyer-liqada oynamaq üçün təkcə istedad yox, xarakter, məsuliyyət və düzgün mentallıq da lazımdı. Mən həmin səviyyədə artıq təcrübə yaşamışam. İndi isə daha yetkin, daha çox şey öyrənmiş və öz üzərində daha ciddi çalışan futbolçu olduğumu düşünürəm. Fürsət yaranarsa, onu dəyərləndirmək üçün əlimdən gələnin ən yaxşısını etməyə hazıram.
- Bəzən aşağı liqalarda çox qol vuran futbolçular yuxarı liqalara keçəndə eyni məhsuldarlığı göstərə bilmirlər. Bunun əsas səbəbi nədi?
- Bir çox səbəb ola bilər. Liqalar arasında oyunun sürəti, rəqabət, müdafiəçilərin səviyyəsi, taktiki yanaşma və futbolçudan tələb olunan məsuliyyət fərqlənir. Amma mən düşünürəm ki, futbolçunun səviyyəsini yalnız bir liqada vurduğu qollarla müəyyənləşdirmək doğru deyil. Əsas məsələ onun potensialı, uyğunlaşma bacarığı, mentallığı və öz üzərində çalışmağıdı. Futbolçuya düzgün şərait və inam verildikdə daha yüksək səviyyədə də özünü göstərə bilər.
- Azərbaycan futbolunda hansı hücumçunu özünə nümunə götürürsən? Oyun üslubunu kimə bənzədirsən?
- Azərbaycan futbolunda təcrübəli, uzun illər yüksək səviyyədə çıxış etmiş futbolçular var və onların hər birindən nəsə öyrənmək mümkündü. Cavid İmamverdiyev kimi futbolçularla eyni komandada olmaq, onların təcrübəsindən yararlanmaq mənim üçün dəyərlidi. Cavidin futbol düşüncəsi, təcrübəsi və meydandakı davranışından nələrsə öyrənməyə çalışıram. Amma oyun üslubumu konkret bir futbolçuya bənzətməzdim. İstəyirəm ki, zamanla öz oyun üslubum və öz futbol kimliyim formalaşsın.
- Bəzi futbol azarkeşləri 2-ci liqada vurulan çoxlu qolun futbolçunun səviyyəsini tam əks etdirmədiyini düşünürlər. Bu fikirlə razısan?
- Tam razı deyiləm. Əlbəttə, liqalar arasında səviyyə fərqi var, bunu inkar etmək olmaz. Amma qol vurmaq da futbolçunun bacarığı, düzgün mövqe seçimi, qərar verməsi, çalışması və öz üzərində işləməsinin nəticəsidi. Məncə, futbolçunu yalnız oynadığı liqaya görə qiymətləndirmək doğru deyil. Bir futbolçu davamlı qol vurur və özünü göstərirsə, bu, onun bacarığının göstəricisidi. Daha yüksək səviyyədə bunu sübut etmək isə futbolçunun qarşısında duran növbəti məsuliyyətdi.
- Bir gün Azərbaycan millisinin formasını geymək sənin üçün real hədəfdi, yoxsa indiki mərhələdə uzaq arzu?
- Azərbaycan millisinin formasını geymək hər bir azərbaycanlı futbolçu üçün böyük qürur və məsuliyyətdi. Mən bunu uzaq arzu kimi yox, qarşıma qoyduğum böyük hədəflərdən biri kimi görürəm. Bilirəm ki, bunun üçün daha çox çalışmaq, davamlı olmaq və yüksək səviyyədə özünü sübut etmək lazımdı. Milliyə çağrılmaq mənim üçün sadəcə, bir seçim yox, uzun illər çəkilən zəhmətin ən böyük mükafatlarından biri olar.
- Bir seçim qarşısında qalsaz, hansını seçərdin: 2-ci liqada 30 qol vurub bombardir olmaq, yoxsa premyer-liqada 5 qol vurmaq?
- Mən premyer-liqada 5 qol vurmağı seçərdim. Çünki futbolçu üçün daha yüksək səviyyədə oynamaq, özünü daha güclü rəqabətdə sınamaq və inkişaf etmək çox önəmlidi. 30 qol böyük göstəricidi və buna hörmətlə yanaşıram, amma mənim üçün əsas məsələ oynadığım liqanın səviyyəsi, inkişafım və karyeramda irəliyə doğru addım atmaqdı. Hədəfim yalnız bombardir olmaq deyil, daha yüksək səviyyədə özümü təsdiqləyən futbolçu olmaqdı.
İSRAYIL XEYRULLAYEV
“Hədəfim yalnız bombardir olmaq deyil” - Amil Yunanovun adını çəkdi, Cavid İmamverdiyevi nümunə göstərdi
Müsahibə / Manşet





