Yığma Vadutsda 1:0, Enkampda 3:1 hesablı qələbələrə imza atmaqla hər birimizi sevindirdi. Təəssüf ki, həmin xoşbəxtlikdə bir qədər buruqluq da tapdıq. Səbəb bəllidi: yığma qrupun ən güclüsü olsa da, Maltadan az qol vurduğuna görə D liqasının qalibi adına yiyələnə bilmədi və Emin milli forma ilə səfərdə, azərbaycanlı azarkeşlərin yer almadığı tribunalar önündə vidalaşdı.
Təbii ki, indi irəli baxmaq, bizi gözləyən, çox maraqlı keçəcəyinə şübhə olmayan AÇ-2028-in seçmə mərhələsi haqda düşünmək lazımdı. Lakin əvvəlcə geriyə boylanmaqda, yığmamızın 2026-cı ili necə yola saldığını xatırlamaqda fayda var. Axı milli ötən ilin sentyabrında həm yeni dövrə qədəm qoydu, həm də uzun müddətdən sonra yerli baş məşqçinin – Ayxan Abbasovun rəhbərliyi altında oyunlar keçirdi.
Bir gözümüz ağlayır, bir gözümüz gülür...
Bəli, Ayxan bəy 2025-ci il sentyabrın 9-da debüt etdi. Yığma ötən il yeni çalışdırıcının rəhbərliyi altında dünya çempionatının seçmə mərhələsində Ukrayna (1:1), Fransa (0:3, 1:3) və İslandiya (0:2) ilə qarşılaşdı. Düzdü, bu il statistika baxımından daha yaxşı keçdi. Yığma keçirdiyi 10 matçın 7-də qalib gəldi, 2-də heç-heçə etdi, 1-də uduzdu. Topların nisbəti isə belə oldu – 16:7. Ancaq əvvəllər də vurğuladığımız kimi, bunda rəqiblərin səviyyəsi də ciddi rol oynadı. Belə ki, milli martda “FİFA Series-2026” turnirinin qalibi oldu. Komandamız yarışda Sent Lüsiya (6:1) və Syerra Leone (1:1, p. – 9:8) kimi rəqibləri məğlub etdi. İyunda və sentyabrda keçirilən yoldaşlıq oyunları iki qələbə, bir məğlubiyyət ilə yadda qaldı. Maltaya uduzan (0:2) milli San Marino və Tacikistandan güclü oldu – 2:1, 1:0. Ardından Millətlər Liqası həyəcanı başladı. Milli ilk iki oyunda Litva və Lixtenşteynlə heç-heçə etməklə (1:1, 0:0) bizi qorxuya saldı. Ona görə ki, D liqasında çıxış etməyi özümüzə sığışdırmadığımız halda, burda uğursuz olmağı yalnız faciə adlandırmaq olardı. Xoşbəxtlikdən növbəti matçlar həmin rəqiblər üzərində qazanılan 1:0 hesablı qələbələrlə müşayiət olundu. Nəticədə zirvəni ələ keçirdik.
Bayaq vurğuladığımız məqam isə məhz həmin anda qəlbimizə od qoydu. Çünki komandamızın top fərqi D liqasının 1-ci qrupunun lideri Malta ilə bərabər olsa da, rəqibin daha çox qol vurması işləri korladı. Odu ki, millinin qarşısına maksimum vəzifə kimi qrup qalibi olmaq hədəfinin qoyulmasını həzm edə bilmədik. Axı həm də D liqasının ən güclüsü adına sahib çıxmaq lazım idi ki, AÇ-2028-in pley-off matçında iştirak şansımız qalsın. İş ondadı ki, milli üzvləri bu məqamdan xəbərdar deyilmiş! Bunu “azərisport.com” saytına açıqlamasında yığmamızın qapıçısı Şahruddin Məhəmmədəliyev deyib. Dediyinə görə, bunu bilsəymişlər, Lixtenşteynlə oyunda daha çox qol vurmağa çalışacaqmışlar. Baş məşqçi Ayxan Abbasov isə qolkiperin dediklərini “komanda.az” saytına açıqlamasında təkzib edib:
“Futbolçulara nə lazımdısa, deyilmişdi. Ola bilsin, Şahruddin fikrini tamamlaya bilməyib. Nəticələri bilirdik. Komanda bütün proseslə bağlı məlumatlandırılmışdı”.
Əlbəttə, bu məsələ üzərində də çox baş sındırmaq olar. Şahruddin həqiqəti deyib, yoxsa komanda yoldaşlarını məsuliyyətdən qurtarmağa cəhd göstərib - bunu bilmirik. Məsələnin arxa pərdəsində nəyin baş verdiyini böyük ehtimalla heç vaxt öyrənməyəcəyik. Bu gün yeganə reallıq odu ki, kədərli sevinclə baş-başayıq. Bilmirik yığmamızın FİFA reytinqidən 3 pillə irəliləyərək 1145,18 xalla 124-cü sıraya yüksəlməsinə, millinin son 7 oyunda uduzmamasına sevinək, yoxsa bir qola görə əldən verilən tarixi fürsətə görə üzülək...
Hər son bir başlanğıcdı...
Emin Mahmudovun millidə karyerasını bitirməsindən danışırıqsa, debüt edənləri də xatırlamalıyıq. 2016-cı ildə yığmada ilk oyunu keçirən, uzun illər kapitan sarğısını qürurla daşıyan, 66 oyunda 16 qolla yadda qalan Maestro getdi. Təəssüf ki, Emin müxtəlif dövrlərdə istər zədələr, istərsə də Berti Foqts ilə yaşadığı problemlər üzündən yığmada şans qazanmadı. Millidə bu ildən forma geyənlərə gəlincə, siyahıda gənc futbolçular – Oruc Məmmədov, Fərid Yusifli, Edqar Adilxanov, Eşqin Əhmədov, Nihad Əhmədzadə, Ağadadaş Salyanski və Murad Məmmədov var. Oruc Millətlər Liqasında Litvaya qarşı ev oyununda, Fərid və Edqar Tacikistana, qalanları isə Andorraya qarşı yoldaşlıq oyunlarında ilk dəfə milli forma geydi. Hətta Eşqin debütündən cəmi 2 dəqiqə sonra adını tabloya yazdırmaqla millimizin tarixinə düşdü – debüt matçında ən erkən qol vuran futbolçu kimi rekorda imza atdı. Ümid edirik ki, növbəti ildə bu siyahı daha geniş və uğurlu debütlərlə zəngin olacaq!
Maraqlıdı, həmin adlar arasında son toplanışa dəvət edilsə də, “Sampdoriya”nın heyətində zədələndiyi əsas gətirilərək yığmaya təşrif buyurmayan Lorentso Mezzoteronun da adı olacaq, yoxsa hadisələrin axarı gənc hücumçunun B seriyasında başlayan macərasının İtaliya millisinə daşınması ilə nəticələnəcək?
“Toy” hələ qabaqdadı
İndi bizi AÇ-2028-in seçmə mərhələsində keçiriləcək oyunlar gözləyir. Bəli, bu matçlar hələ gələn ilin martında baş tutacaq. Bu üzdən tələsməyə ehtiyac duymuruq. Ancaq püşkatma mərasimi dekabrın 6-da olacağından bəzi məqamlara aydınlıq gətirməkdə fayda var. Millimiz Belfastda keçiriləcək tədbirdə 5-ci, yəni ən zəif komandaların olduğu səbətdə yer alacaq. Səbətdə yığmamızla yanaşı, Malta, Litva, Andorra, Cəbəllütariq və Lixtenşteyn də var. Bu o deməkdi ki, seçmə mərhələdə bu komandalarla qarşılaşmayacağıq. Çünki rəqiblər müxtəlif məhdudiyyətlər çərçivəsində ilk 4 səbətdən seçiləcək. Maraq üçün qeyd edək ki, AÇ-2028-ə birbaşa vəsiqə qrup qaliblərinə və ikinci yerləri tutan ən yaxşı 8 komandaya veriləcək. Bu gün qrup qalibi olmaq hədəfi xam xəyal kimi görünsə də, ikinci yerləri tutan ən yaxşı 8 komandadan biri olmaq üçün tər tökməyə dəyər!
Zaman bizə nə gətirəcək? Millətlər Liqasının D liqasında qazanılan uğur AÇ-2028 üçün təkan rolu oynaya biləcək, yoxsa bu il qazandığımız qrup birinciliyi D liqasının ləğv olunması, bütün komandaların C liqasına yüksəlməsi üzündən işə yaramadığı kimi qarşıdakı seçmə mərhələdə də yalnız xoş xatirə rolunu oynayacaq?
KƏNAN BAHADIR





