“Pələnglər” premyer-liqa kimi çətin turnirə ardıcıl iki qələbə ilə start verərək hər kəsi təəccübləndirdilər. Amma komanda həmin baçgicəlləndirici startdan sonrakı 8 turun hamısında qələbəyə həsrət qalıb (5 heç-heçə, 3 məğlubiyyət). Türkiyəli şoumen və iş adamı bugünlərdə “Disney+” kanalında yayınlanan “The Overlap” verilişinin qonağı olub.
Ceymi Karrager, Qari Nevill və Roy Kin kimi əfsanələrin suallarını cavablayan Ilıcalı “Hall Siti”ni satın aldığı dönəmdəki motivasiyasından, eləcə də yerli futbolsevərlərin ona göstərdiyi sevgidən danışıb.
Xatırladaq ki, Acun Ilıcalıya məxsus “Exxen” kanalı həm də bugünlərdə tenderin qalibi olaraq Türkiyədə avrokubok matçlarının yayın haqqına sahib çıxıb. Gələn mövsümdən etibarən Türkiyədə bütün avrokubok matçları, eləcə də Avropa Superkuboku uğrunda oyun məhz bu platformada göstəriləcək. Hələlik isə sözü verək Acuna. O, Roy Kinin “Hall Siti”ni almaqla sizi işin iqtisadi sərmayə tərəfi maraqlandırırdı, yoxsa, sadəcə, bunu maraq üçün etdiz” sualına belə cavab verib:
“Xeyr, işin iqtisadi tərəfi məni qətiyyən maraqlandırmayıb. Suala “sıfır ticarət” deməklə cavab verərdim. Olay yalnız futbol ehtirası və qəlbimlə bağlıdı. Ümumiyyətlə, elə insanam ki, həyatım boyunca bu il etdiyim şeyi növbəti il təkrarlamamağa çalışıram. Yəni 25 yaşımdan sonra başladığım iş həyatımda, demək olar, hər il yeni bir iş görməyə çalışmışam. Mənim üçün “Hall Siti” məsələsi yeni bir uğur hekayəsini yazmaq istəyi ilə bağlıdı. Bunun arxasındakı motivasiya maddi qazanc hekayəsi ilə bağlı deyil. Tam futbolda bir uğur hekayəsi yaratmaq istəyirəm. Hall şəhərinin insanlarına da aşiqəm. Onların bu uğurdakı rolu çox böyükdü. Məndən “bu uğurun ən böyük sirri nədi”, - deyə soruşsaz, Hallda yaşayan futbolsevərlərin və adamların adını çəkərdim. Bu vəzifədə çətin anlarım da oldu. Amma mən burda gördüyüm motivasiya və dəstəyi həyatım boyunca heç yerdə görməmişdim. Türkiyədə onsuz da hər kəs məni sevir. İnsanlarla münasibətim çox yaxşıdı və bununla qürur duyuram. Ancaq İngiltərədə də bu sevgini qazanmaq mənim üçün fərqli məna kəsb edir. İngiltərədə, yəni Türkiyədən 4 saatlıq uçuş məsafəsində yerləşən bir şəhərin ortasında dayandıqda adamlar hər gün mənə təşəkkür edir. Özü də söhbət elitaya vəsiqə qazanandan sonra gördüyüm münasibətdən və sevgidən getmir. Xatırlayırsızsa, iki il öncə çempionşipdə çox bərbad bir mövsüm keçirmişdik. 3-cü diviziona yuvarlanmaq üzrəydik və taleyimiz son turda bəlli olmalıydı. Hər halda, bu klubun sahibi mənəm və həmin vaxt adamların mənə “biz aşağı düşürük, sən nə edirsən” deyərək etiraz bildirməyə tam haqqı çatırdı. Amma inanın ki, heç kimdən pis bir söz və ya hansısa etiraz eşitmədim”.





