İstanbul nəhəngi bu gedişlə həftəsonu ''Samsunspor''la oyuna ikinci heyətlə çıxmalı olacaq. Viktor Osimhenlə Rafael Leao hələ yığma fasiləsindən öncə zədələnərək bir neçə həftəliyə sıradan çıxmışdılar. Zədəli futbolçuların siyahısı durmadan genişlənir. Sonradan Türkiyə yığmasının düşərgəsində zədələnən qapıçı Uğurcan Çakırdan bəd xəbər gəldi. Təcrübəli əlcək sahibinin da ''Samsunspor''la oyunu buraxacağı gözlənilir.
Dünən isə Devinson Sançes, Kolumbiya yığmasının, Aleksey Batrakov Rusiya yığmasının, Roland Şallai Macarıstan yığmasının düşərgəsində narahatlıq yaşadı. Şallai Şimali İrlandiya ilə oyunöncəsi isinmə hərəkətləri zamanı ağrılar hiss edincə adı əsas heyətdən çıxarıldı. Batrakov Venesuela ilə qarşılaşmanın ilk yarısında zədə alaraq kənara gəldi. Düzdü, bu futbolçu tibbi müdaxilədən sonra oyunu davam etdirdi və 70-ci dəqiqədə əvəzləndi. Sançes isə Çili ilə baş tutan hazırlıq matçının 24-cü dəqiqəsində zədələnərək əvəzləndi.
Düzdü, təcrübəli müdafiəçinin sözlərindən belə başa düşmək olar ki, onun durumu çox da qorxulu deyil:
''Həkimimizlə danışdım və bu matçda özümü sınamaq istədim. Özümü yaxşı hiss edib-etməyəcəyimi, oyuna davam edib-etməyəcəyimi görmək istədim. Bir qədər ağrılar olunca hər ehtimala qarşı əvəzləndim. Günlər ötdükcə həm gücümü, həm də hərəkətliliyimi bərpa edəcəyimi düşünürəm. Əvvəllər də belə problemlə qarşılaşmışdım. Dediyim kimi məşqçilər korpusu və tibbi personal ilə daim ünsiyyətdə idim. Vəziyyətin qəlizləşməməsi üçün hər ehtimala qarşı əvəzləndim''.





