''Fənər''in ulduzu qışda İspaniyaya yollana bilər

15.11.2026 23:24 0
Dünya futbolu
Bu mövsüm ''Fənərbaxça''nın heyətində ən diqqətçəkən oyunçulardan olan Oğuz Aydınla bağlı yeni transfer iddiaları var.

İspaniyanın köklü klublarından olan ''Sevilya''nın Aydını diqqətlə təqib etdiyi məlum olub. Bu xəbəri Türkiyənin ''Təqvim'' nəşri paylaşıb. Mənbənin yazdığına inansaq, andalusiyalılar artıq qərar veriblər və qışda ''Fənər''ə rəsmi təklif irəli sürüləcək. Amma işin maddi tərəfi barədə heç bir məlumat yoxdu.

Türkiyə yığmasının üzvünü ''Sevilya''dan başqa bundesliqa və premyer-liqanın bəzi klubları da təqib edir. Sürəti, driblinqi və oyun zəkası ilə seçilən 26 yaşlı futbolçu hər iki cinahda oynamağı bacarır. ''Sevilya'' da məhz bu cür özəllikləri olan yaradıcı bir futbolçu axtarır.

''Fənərbaxça'' ilə 2028-ə qədər müqaviləsi olan Aydının dəyəri 9 milyon avro civarındadı. Bu futbolçu cari mövsümdə iştirak etdiyi 15 rəsmi oyunda aktivinə 4 qol, 5 məhsuldar ötürmə yazıb.